Xəbər verildiyi kimi, Azərbaycandan Vyetnama yeni məhsul ixracına başlanılıb. FED.az-ın məlumatınagörə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı “Made in Azerbaijan” məhsullarına növbəti sərbəst satış sertifikatlarını təqdim edib. Sertifikatlar Vyetnam Sosialist Respublikasına Azərbaycan istehsalı olan yeddi adda meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün verilib.
Bununla yanaşı, Vyetnama ixraca başlayan şirkətin adı açıqlanmayıb. Bununla bağlı verilən sorğuya cavab olaraq Azexport.az-dan bildirilib ki, sözü gedən şirkət adının gizli saxlanılmasına üstünlük verir.
Ümumilikdə 2018 - ci ilin aprel ayından 2021 - ci il dekabr ayına kimi Azərbaycanda 622 adda məhsula Sərbəst Satış Sertifikatı təqdim olunub. Sertifikatlar bundan əvvəl ixracında çətinlik yaşanan Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İndoneziya, Vyetnam, Filippin, Dominikan və digər Cənub – Şərqi Asiya, Cənubi Amerika, Afrika, Qərbi Avropa, Okeaniya və Ərəb ölkələrinə Azərbaycanda istehsal olunan qida, dərman və orqanizmlə birbaşa təmasda olan məhsullarının çıxışı asanlaşdırıb.
Qeyd edək ki, Sərbəst satış sertifikatı ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.