Azərbaycanda fəaliyyət göstərən yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına dəstək veriləcək.
Bu barədə FED.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, beynəlxalq sertifikatın alınmasına dəstək tədbirini müvafiq beynəlxalq sertifikatla əhatə olunan məhsuların ixracatçılarının sifarişi əsasında və “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq İqtisadiyyat Nazirliyinin seçdiyi ixtisaslaşmış hüquqi və ya fiziki şəxslər həyata keçirəcəklər.
Hər il fevralın 1-dək beynəlxalq sertifikatın alınmasına dəstəklə bağlı ixracatçılardan sifarişlərin qəbuluna dair elan veriləcək və müraciət edilməsi üçün ən azı 60 günlük müddət müəyyən olunacaq. Həmin dəstək tədbirindən bir ixracatçı eyni təqvim ili ərzində yalnız bir beynəlxalq sertifikatın alınması üçün faydalana bilər.
Dəstək dəstək veriləcək beynəlxalq sertifikatların siyahısını da İqtisadiyyat Nazirliyi müəyyən edəcək və özünün rəsmi internet saytında yerləşdirəcək. Hər bir ixracatçı üçün beynəlxalq sertifikatın alınmasına görə ödənilən dəstək məbləği çəkilən xərclərin 50%-ni təşkil edir. Bu da 60 min manatdan artıq olmamalıdır.
Dəstək tədbiri çərçivəsində beynəlxalq sertifikat əldə etmiş ixracatçı sertifikatla əhatə olunan məhsulu (məhsulları) sertifikatı əldə etdiyi tarixdən etibarən ixrac etməli və bu barədə məlumatları və sənədləri (Azərbaycan Respublikasından ixrac və digər dövlətə idxal gömrük bəyannamələrinin surətlərini) müvafiq ixrac əməliyyatlarının aparıldığı tarixdən etibarən 30 gündən gec olmayaraq Nazirliyə təqdim etməlidir. Sənədlər təqdim edilmədikdə və ya sertifikatın əldə olunduğu tarixdən 1 il ərzində sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracını həyata keçirmədikdə, həmin sertifikatın əldə edilməsinə görə ödənilmiş dəstək məbləğini geri qaytarmalıdır.
Xatırladaq ki, beynəlxalq sertifikatların alınmasına dəstək verilməsi Prezidentin 2018-ci il 11 yanvar tarixli “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016- cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərmanına əsasən həyata keçirilir.