Azərbaycanın İsveçrədəki səfirliyi ilə bu ölkənin Ticarət və Sənaye Palatası Cenevrədə biznes forum təşkil edib.
FED.az xəbər verir ki, tədbirdə energetika, kənd təsərrüfatı, tikinti, turizm, İKT, səhiyyə, qida sənayesi və sair sahələrini təmsil edən 85 isveçrəli biznesmen iştirak edib.
Eləcə də bax: İsveçrə şirkətinin Azərbaycandakı törəməsi - BAĞLANIR
Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova ölkəmizdəki biznes mühiti və sərmayə imkanları barədə təqdimatla çıxış edib, İsveçrə iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar şəraitdən yararlanaraq müxtəlif sahələrə investisiya yatırmağa çağırıb. Təqdimatdan sonra oktyabrda Qərbi İsveçrənin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri dəqiqləşdirilib və bu səfərdə iştirak edəcək 30 şirkət müəyyən edilib.
X.İbrahimova Azərbaycan-İsveçrə siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əməkdaşlığının inkişaf etdiyini vurğulayıb. Bu kontekstdə xüsusilə iki ölkənin prezidentlərinin Dünya İqtisadi Forumunun Davos İllik Görüşü çərçivəsindəki görüşü qeyd edilib, Azərbaycan və İsveçrə arasında yüksək səviyyəli siyasi dialoqun qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrində inkişaf üçün bünövrə rolu oynadığı vurğulanıb. Eyni zamanda, bildirilib ki, Prezident İlham Əliyevin builki Davos səfəri zamanı ölkəmiz ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub, Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi (WEF Fourth Industrial Revolution Center) arasında ilk dəfə olaraq əməkdaşlıq haqqında saziş imzalanıb. Bundan əlavə, ötən il ərzində İsveçrənin İqtisadiyyat nazirinin başçılıq etdiyi geniş nümayəndə heyətinin Azərbaycana səfər etdiyi və səfər çərçivəsində Sumqayıt şəhərində İsveçrə sərmayəsi hesabına tikilmiş zavodun açılışının baş tutduğu qeyd olunub. Eyni zamanda, ötən il İsveçrənin Təhsil nazirinin ilk dəfə Bakıya səfərinin təşkil edildiyi və bu səfər çərçivəsində iki ölkənin təhsil nazirlikləri arasında birgə bəyanatın imzalandığı diqqətə çatdırılıb. Həmçinin bu il Bakı və Cenevrə şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması və iki ölkənin turizm agentlikləri arasında əməkdaşlıq sazişinin imzalanmasından sonra qarşılıqlı olaraq turist səfərlərində artımın müşahidə olunduğu bildirilib. İki ölkənin xarici işlər nazirlikləri arasında yüksək səviyyəli siyasi məsləhətləşmələrin aparılması, Azərbaycandan İsveçrəyə ixrac və idxal missiyasının təşkil olunması, İsveçrə şirkətlərinin ölkəmizə investisiya qoymasının təşviq edilməsi məqsədilə il ərzində İsveçrədə bir neçə biznes forum və dəyirmi masanın keçirilməsi, İsveçrə kantonlarının prezidentləri ilə sıx əlaqələrin qurulması barədə məlumat verilib.
Səfir Azərbaycanın Dünya Bankının “Doing Business 2019” hesabatında ilk 10 islahatçı ölkədən biri kimi adının çəkilməsini, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyata keçirdiyi regional layihələri və İsveçrə şirkətləri üçün yaranan biznes perspektivlərini qeyd edib, eləcə də əlverişli geostrateji mövqeyə malik olan ölkəmizdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, respublikamızın tranzit potensialının reallaşdırılması, nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verib.
Cari il iyunun 28-də Azərbaycan və İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyasının Berndə iclasının keçirildiyi və iclas çərçivəsində, həmçinin Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İsveçrənin Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Turqau Kantonunun Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında memorandumlarının imzalanması faktları da biznes dairələrinin diqqətinə çatdırılıb.
Tədbirin sonunda auditoriyanın Azərbaycan iqtisadiyyatında rəqəmsallaşma, ölkəmizin “Bir kəmər, bir yol” layihəsində iştirakı kimi sualları cavablandırılıb.
Azərtac