Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkəti “İsser Group Endüstriyel Servis Hizmetleri Sanayi ve Ticaret Anonim” şirkəti və onun Azərbaycandakı filialının fəaliyyəti ilə bağlı yayılmış neqativ məlumatlar təsdiqini tapmayıb.
FED.az xəbər verir ki, 20.12.2022-ci il tarixində «Büdcədən 264 min israf edib tenderi özlərinə yaxın şirkətə verdilər» başlığı ilə yayımlanan məqalədə həqiqiliyi araşdırılmamış məlumatlar əks etdirilmişdir.
Məqalədə "Rapid Service" MMC-nin rəhbəri Elnur Nəcəfovun məlumatına əsasən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti tərəfindən qanunsuz tender keçirildiyi, Xidmətin «özünə yaxın olan» iştirakçını, yəni «İsser Group Endüstriyel Servis Hizmetleri Sanayi ve Ticaret Anonim» şirkətinin Azərbaycandakı filialını müəmmalı şəkildə qalib elan etdiyi qeyd edilmişdir.
Məlumatlarda «İsser Group»un sanki qanundan kənar əlaqələr əsasında fəaliyyət göstərən şirkət olduğu qələmə verilmiş, beləliklə şirkətin işgüzar nüfuzuna xələl gətirilmişdir.
Bununla yanaşı, «İsser Group Endüstriyel Servis Hizmetleri Sanayi ve Ticaret Anonim» şirkətindən FED.az-a verilən məlumata görə, «İsser Group» Türkiyə Cümhuriyyətinin «suyun idarə edilməsi sistemlərinin layihələndirilməsi, su qurğularının təmini və texniki servisi, nasosxana və boru xətləri» sahəsində keyfiyyətli xidmət göstərən nüfuzlu şirkətlərindəndir. Şirkətin Azərbaycandakı filialı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərir, fəaliyyətində hər zaman dürüstlük prinsipini ön planda tutur və heç bir qurumla qanunsuz hər hansı münasibətdə olmayıb. Bu baxımdan «Rapid Service» MMC-nin rəhbəri Elnur Nəcəfovun şirkət barəsində bildirdikləri həqiqəti əks etdirmir.
Buna baxmayaraq, yayılmış məlumatlarda «İsser Group» barədə şirkətin işgüzar nüfuzuna xələl gətirə bilən informasiyalar yer alıb, qarşı tərəfin mövqeyinə isə yer verilməmişdir.
Məqalədə qeyd edilən məlumatların qarşı tərəfin rəyi olmadan yayımlandığı və bu səbəbdən şirkət barədə ictimaiyyətdə doğru olmayan fikirlərə səbəb ola biləcəyinə görə, FED.az biznes və maliyyə xəbərləri portalı «İsser Group» şirkətindən üzr istəyir.