Bu dəfə də söhbət əsnasında müsahibimizin müharibə veteranı olduğunu öyrəndik. 1974-cü ildə Göygöl rayonunun Qabaqtəpə kəndində dünyaya gələn Araz Pirverdiyevin gənclik illəri I Qarabağ müharibəsində keçib. Həmyaşıdları kimi, o da həyata atılan ilk günlərdən gözünü müharibədə açıb. Ağdam, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. Vətən müharibəsində də döyüşlərə qatılmaq üçün könüllü müraciət edib, lakin aparılmayıb.
Araz usta təxminən 20 ildir ki, tikintidə çalışır. 2000-ci illərin əvvəllərində Bakıda tikinti bumu başlayanda bir çoxları kimi o da paytaxta üz tutub. Bir müddət türk inşaatçılarla birlikdə çalışıb, bu sənətin sirrlərini öyrənib: “Hörgü, suvaq, malyar işlərini bacarıram. Ətrafıma iş bacaran adamları yığmışam, briqada şəklində çalışırıq. Evləri, obyektləri 0-dan götürüb qısa müddətdə tam təhvil veririk, bircə elektrik işindən başqa”.
Son ayların ram olunmaz bəlasına çevrilmiş koronavirus xəstəliyi həmsöhbətimizdən də yan keçməyib. Bu səbəbdəndir ki, bir müddətdir işə çıxa bilmir: “Artıq sağalmışam, sadəcə olaraq, həkimlərin tövsiyəsinə əsasən özümü qorumalıyam”.
İki övladı var Araz ustanın. Hələ orta məktəb şagirdi olan övladlarının ali təhsil alması üçün əlindən gələni edir: “Əlavə hazırlıqlara qoymuşam, hazırda onlayn məşğul olurlar. Qızım olimpiadalarda, bilik yarışlarında iştirak edir, yaxşı yerlər tutur. Televiziyada yayımlanan “Xəmsə” bilik yarışmasına da çıxıb hətta, rayon təhsil şöbəsi göndərmişdi”.
Təbii ki, A.Pirverdiyev də digər həmkarları kimi işğaldan azad edilmiş ərazilərimizdə aparılacaq tikinti-bərpa işlərində könüllü iştirak etməyə hazırdır: “Bizim özümüzün Türkiyədən gətirtdiyimiz xüsusi suvaq aparatımız da var. Bu zonada o aparatdan cəmi iki dənədir, biri bizdə, biri də Gəncədə. Onu da götürüb getməyə hazırıq”.
Həm Gəncədə, həm də Göygöldə, ümumiyyətlə digər rayonlarda da işlər götürüb işlədiklərini deyən həmsöhbətimiz hazırda özəl şirkətlərin birində də çalışır. “İşini bacaran adama hər yerdə iş var” deyən həmsöhbətimiz Norm Ustalar Klubuna üzv olmağın onun üçün üstünlük olduğunu bildirdi.
Qeyd edək ki, Norm Ustalar Klubu 2016-cı ildən etibarən fəaliyyət göstərir. Klub inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarının inkişafı, peşəkarlıq səviyyələrinin təkmilləşdirilməsi, istehlakçıların sement və beton məhsullarından maksimal şəkildə səmərəli istifadəsinin təmin edilməsi məqsədilə yaradılıb.