Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə “Marsol” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədi ilə 7 sentyabr 2022-ci il tarixdə memorandum imzalanıb. Sənəd İSİM və “Marsol” arasında ikitərəfli əməkdaşlığın çərçivələrini müəyyən edir.
Memorandum İSİM-in direktoru Qəhrəman Haqverdiyev və “Marsol”un direktoru Tural Mustafayev tərəfindən imzalandı. Memorandumun imzalanmasında məqsəd səhiyyə və qeyri-səhiyyə sektorunda beynəlxalq, dövlət və qeyri-hökümət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin qurulması və inkişaf etdirilməsidir.
Tərəflərin əməkdaşlığı ilə, tibbi profilaktika tədbirlərinin həcminin artırılması, sağlam həyat tərzinin təbliği, əhalinin sağlamlığının qorunması üzrə innovativ layihələrin, tədbirlərin, forumların təşkili, korporativ sosial münasibətlərin inkişafı istiqamətində təkliflərin hazırlanması və birgə həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Marsol” MMC 2017-ci ildən fəaliyyət göstərir. Müxtəlif sektorlar üzrə 400-dən çox təşkilat və qurumla əməkdaşlıq edən şirkətin əsas fəaliyyət sahəsi Azərbaycan iqtisadiyyatının ayrı-ayrı istehsal və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar arasında iş birliyinin artması, işgüzar əlaqələrin genişlənməsi və əməkdaşlıq etdiyi dövlət qurumlarıyla sahibkarlar arasında körpü rolunu oynamasıdır.