8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə işgüzar qadınlar üçün PR işinin təşkili, vaxtın idarəedilməsi və uğurun sirri mövzularında təlim keçirilib.
FED.az xəbər verir ki, "AtaHolding" Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova iştirakçılara turizm sahəsində PR işinin təşkili və uğurlu fəaliyyətlə bağlı təqdimat edib. Azərbaycanda turizmin rentabelliyinin və gəlirliliyinin artırılmasının zəruri olduğunu diqqətə çatdıran Dilara Zamanova bu məsələdə turizmlə bağlı PR sahəsinin inkişafını əsas məqamlardan biri kimi vurğulayıb.
"AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev qeyd edib ki, hər bir sahədə olduğu kimi, turizm sahəsində də PR işi çox vacib və böyük önəm daşıyır. Turizm sahəsinin inkişafı ilə bağlı olaraq həm ölkə daxilində, həm də ölkədən xaricdə təbliğat aparılması və bu təbliğatın qarşılıqlı şəkildə əlaqələndirilməsi olduqca effektlidir. Bu baxımdan Azərbaycanda turizmin inkişaf etdirilməsi məqsədilə PR sahəsində yeni texnologiyaların çevik və uğurlu tətbiqi, bu sahədə mütəxəssislərin yüksək səviyyədə hazırlığı, onlara beynəlxalq standartlara uyğun proqramlar əsasında tədris və təlimlər keçirilməsi olduqca məqsədəuyğundur.
Daha sonra təlimçi Çimnaz Qasımova tədbirdə qadınların uğurlu fəaliyyətində vaxtın idarə olunması, uğurun sirri və motivasiya mövzusunda danışaraq iş, karyera və ambisiyalarla həyat tərzi, yəni sağlamlıq, məmnuniyyət, asudə vaxt və ailə arasında balansın formalaşdırılmasının insanlar üçün vacibliyini bildirib.
Diqqətə çatdırılıb ki, iş və asudə vaxt bölgüsü və balansı hələ 19-cu əsrin əvvəllərindən Qərbdə aktual məsələ kimi gündəmə gətirilib və həmin vaxtdan başlayaraq, iş-həyat balansına mükəmməl formada nail olunması üçün bir sıra konsepsiyalar ortaya çıxıb.