Dövlət Məşğulluq Agentliyi tərəfindən İşədüzəltmə vasitəçilərinin reyestri hazırlanır. FED.az xəbər verir ki, reyestr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılır. Reyestrdə işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən şəxslərə dair bütün məlumatlar qeyd ediləcək. Hüquqi şəxslərin reyestrdə qeydiyyatdan keçməsi mütləqdir.
Məbləğ 2000 manatdan 5000 manata qaldırılır - Məhkəmələrdə mühüm yenilik
Məsələ bununla bitməyəcək. Nazirlik bildirir ki, vahid elektron informasiya bazası istifadəyə verildikdən sonra işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə qarşılıqlı məlumat mübadiləsi aparılacaq.
Bu o deməkdir ki, işədüzəltmə vasitəçiləri iş üçün onlara müraciət edən şəxslərə dair fərdi, o cümlədən təhsili və peşəsi (ixtisası) barədə və məşğulluq tarixçəsinə dair məlumatları Məşğulluq Alt Sisteminə (MAS) ötürəcəklər.
Vasitəçi şirkətlər bu məlumatları (yəni işə düzəlmək istəyən şəxslərlə bağlı məlumatları) hər ay üzrə növbəti ayın 5-dən gec olmayaraq elektron qaydada təqdim etməlidirlər.
Bundan başqa, işədüzəltmə şirkətləri, onlara iş üçün müraciət edən və işlə təmin edilən vətəndaşların sayı barədə Agentliyə elektron qaydada hesabat verməlidirlər. Bunu etməyən şirkətlər İnzibati Xətalar Məcəlləsinin 576.3-cü bəndi ilə beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcəklər.