Dünyanın ən böyük internet ticarət platforması sayılan “Amazon.com Inc” çərşənbə axşamı bəyan edib ki, gələn aydan şirkətin Birləşmiş Ştatlardakı əməkdaşları üçün bir saatlıq minimum əməkhaqqının məbləği 15 dollaradək artırılacaq. FED.az-ın məlumatına görə, şirkətin bu addımı atmasının səbəbi ictimaiyyətin, qanunvericilər və həmkarlar konfederasiyalarının milyardlarla gəlir əldə edən “Amazon” rəhbərliyini maaşların az olmasına görə sərt tənqid etməsidir.
Şirkət onu da bildirib ki, Vaşinqtonda federal miqyasda minimum əməkhaqqının qaldırılması məsələsində də lobbiçilik edəcək və öz rəqiblərini də maaşları artırmağa çağıracaq. Bu, bütün ölkədə bir saatlıq maaşların 15 dollara qaldırılması tələbi ilə çıxış edən həmkarlar konfederasiyalarının ictimai kampaniyası olan “On beş uğrunda mübarizə” hərəkatı fonunda baş verəcək.
Ötən ay bazar dəyəri 1 trilyon dollara çatmış ikinci şirkət olan “Amazon” işçilərinə ildə orta hesabla 34.123 dollar ödəyir. “Forbes” jurnalının məlumatına görə, şirkətin rəhbəri Ceff Bezos 150 milyard dollarlıq şəxsi kapitalı ilə dünyanın ən varlı adamıdır. Şirkətin sahibi deyib: “Biz tənqidçiləri dinlədik, nə etmək istədiyimiz haqqında çox düşündük və qərara gəldik ki, aparıcı şirkət olmaq niyyətindəyik. Bu dəyişikliklərə çox sevinirik, rəqiblərimizi və digər iri işəgötürənləri də bizə qoşulmağa çağırırıq”.
Hazırda “Amazon”da bir saatlıq minimum əməkhaqqı 11 dollardan başlayır.