Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” (ATT) ASC-nin rəhbər şəxsləri Quba, Qusar və Xaçmaz rayonlarında yerli fermerlərlə və qida məhsulları istehsalçıları ilə görüş keçirib. FED.az xəbər verir ki, görüşlərdə fermerlərə ATT-nin fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumat verilib, eləcə də fermerlər və qida məhsulları istehsalçıları «Kənddən Şəhərə», «Şəhərdən Kəndə» və AFAQ layihələrinə qoşulmağa dəvət edilib. Görüşlərdə fermerlərin problemləri də yerindəcə dinlənilib, müraciətləri qeydə alınıb.
Eləcə də bax: Borclu parniklərin qazı kəsilməyəcək – «AZƏRİQAZ»LA SAHİBKARLAR RAZILAŞDILAR
Görüşdə çıxış edən “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib ki, ATT-nin əsas vəzifəsi fermerlərdən kənd təsərrüfatı məhsullarını dövlət vəsaiti hesabına satın almaq və bu məhsullarla müxtəlif dövlət qurumlarının qida təchizatını həyata keçirməkdir: «Bu günə qədər məhsullarının satışında problem yaşayan yüzlərlə fermerlə əməkdaşlıq etmişik. Bu fermerlərin 50-yə yaxını Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərirlər. Ümumilikdə bu rayonlarda yaşayan fermerlərdən on ay ərzində 400 tona yaxın kənd təsərrüfatı məhsulu tədarük etmişik. Əməkdaşlıq etdiyimiz fermerlərin sayı hər keçən gün artmaqdadır».
Leyla Məmmədova fermerləri ATT-nin layihələrinə qoşulmağa dəvət edib: «Məhsullarınızı daha tez və sərfəli qiymətə satmağa kömək edəcək. «Kənddən Şəhərə» layihəsi çərçivəsində Bakıda iki satış mərkəzi və hər həftəsonu «Kənddən Şəhərə» yarmarkaları təşkil edirik. Bu yarmarka və satış mərkəzlərində fermerlər öz məhsullarını paytaxt sakinlərinə birbaşa satırlar. Biz fermerləri ödənişsiz yer və lazımi avadanlıqlarla təmin edirik».
«Şəhərdən Kəndə» layihəsi isə fermerlərə əlavə gəlir götürmək imkanı yaradacaq: «Siz öz təsərrüfat sahənizdə yerli və xarici turistləri qonaq etməklə həm də məhsullarınız üçün alternativ satış kanalı əldə edəcəksiniz. AFAQ layihəmiz isə qadınları hədəf götürən bir layihədir. Bu layihəni həyata keçirməklə aqrar sahədə fəaliyyət göstərən qadınların sayını artırmaq istəyirik».
Leyla Məmmədova bildirib ki ATT məhsullarını satmaqda çətinlik çəkən fermerlərə dəstək göstərir: «Mən sizdən xahiş edirəm ki, rastlaşdığınız hər hansı problemlə bağlı regional idarələrimizə, yaşadığınız rayonda yerləşən DAİM-ə və ya 1652 qaynar xəttinə, eləcə də 050 400 88 99 nömrəsinə müraciət edəsiniz. Ola bilər ki, sui-istifadə halları ilə rastlaşasınız. Əməkdaşımız olmayan hansısa şəxslər bizim adımızdan sizə müraciət edə bilərlər, onlara inanmayın. Birbaşa bizim idarələrimizə yaxınlaşın və problemlərinizi bildirin. Biz sizin problemlərinizi həll etmək üçün əlimizdən gələni edəcəyik. Bundan əmin ola bilərsiniz».