Özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir. Həmçinin əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib. Bu işlər qeyri-dövlət sektorunda çalışan 710 min işçini əhatə edir.
Nazirlikdən FED.az-a verilən mılumata görə, aparılan işlərin nəticəsi kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, əmək müqavilələrinin sayında artım dinamikası davam edib.
2020-ci ilin 1 aprel tarixinə qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı 664 119 olubsa, 12 aprel tarixinə bu göstərici 710 967-ə çatıb.
Beləliklə, əmək müqavilələrinin sayında bu ilin 1 aprel tarixindən 46 848 müqavilə, 1 yanvar tarixindən isə 69 478 müqavilə artımı baş verib.