Azərbaycanda vergi xidməti və sahibkarlar arasında körpü rolunu oynayacaq yeni xidmət – vergi müvəkkilləri işə başlayacaq.
FED.az xəbər verir ki, bununla bağlı Vergilər nazirinin “Vergi müvəkkilləri institutunun yaradılması məqsədi ilə bəzi tədbirlərin görülməsi barədə” əmri var.
Eləcə də bax: Vergilərin "qara siyahısı" - RİSK QRUPUNA KİMLƏR DÜŞÜR? – AÇIQLAMA
“SM Consulting” şirkətinin direktoru, vergi üzrə ekspert Emin Səttarov FED.az-a vergi müvəkkillərinin necə işləyəcəyini açıqlayıb.
- Emin muellim, vergi müvəkkili nə deməkdir?
- Vergi müvəkkilli - vergi orqanın meyarına cavab verən şəxs deməkdir. Bu hüquqi şəxslər, yən şirkətlər olacaq. Həmin şəxslərin adından təqdim olunan bəyannamələr vergi orqanları tərəfindən qəbul ediləcək. Bu şəxslərin işində uyğunsuzluqlar olarsa daha tez bir zamanda baxılacaq. Vergi müvəkkili hüquqi şirkətlər olacaq, onların əməkdaşları isə imtahandan keçməli olacaqlar. İmtahandan keçən şəxslərə xüsusi sertifikat veriləcək.
- Belə çıxır, şirkətlərdə mühasiblərlə yanaşı, vergi müvəkkilləri də ola bilər?
Sahibkarların istəyindən asılı olaraq şirkətdə mühasiblərin yerinə bu sertifikatlı şəxslər vergi bəyənnaməsi verəcək.
- Bu xidmət yəqin ki, pullu olacaq?
- Bəli, bu xidmət ödənişli olacaq.
- Bu o deməkdir ki, mühasiblər vergi bəyannaməsi verə bilməyəcəklər?
- Xeyr, o demək deyil. Mühasiblər də indiyədək olduğu kimi, vergi bəyannaməsi verə biləcəklər. Sadəcə bu şəxslər vergi orqanı tərəfindən, belə deyək, daha çox etimada malik olan şəxslər olacaq.
- Təqribən gömrk brokeri kimi xidmətdir
- Bəli tamamilə doğrudur, yəni, məsələn, siz sahibkar olaraq gömrük bəyannaməsini özünüz də doldura bilərsiniz, amma bu işi gömrük brokeri də edə bilər.
- Belə çıxır ki, həmin şəxslərin şirkətin mühasibatlıq sənədlərinə çıxışı olacaq?
- Əlbəttə, əgər əməkdaşlıq varsa, bu da olacaq.
- Ola bilərmi ki, mühasiblər həm də vergi müvəkailləri olsunlar? Yəni bir şirkətin mühasibi, burada mühasib işini davam etdirərək, həm də vergi müvəkkili ola bilərmi?
- Bəli, bunun üçün onlar imtahan verməli olacaqlar. İmtahan keçən şəxslərin üstünlüyü olacaq. Şirkətlər də özünə əməkdaş, yəni mühasib seçəndə belə sertifikatlı əməkdaşlara üstünlük verəcək ki, iki işi eyni zamanda apara bilsin.
- Sizcə bu nə üçün tətbiq olundu?
- Bu Türkiyə təcrübəsidir. Çünki vergi orqanı öz inzibatçılığını, mənim fikrimcə azaltmaq istəyir. Bir növ vergi əməkdaşı olmayıb, amma ona yaxın şəxs, bir növ vergi agenti olacaq.
Baxın, indi vəziyyət necədir? Vergi orqanlarına səhv bəyannamə veriləndə sahibkar və şirkət əziyyət çəkir və mühasiblə sahibkar arasında problem yaranır.
Ona görə də, vergi müvəkkili düzgün bəyannamə verməsə onun cəzası ağır olacaq.
Məhz ona görə, vergi müvəkkilləri ilə bağlı meyarlarda yazılıb ki, vergi müvəkkili olacaq şəxslərin əvvəllər vergi ilə bağlı cinayət işi, vergi cəzası və s. olmamalıdır. Yəni daha təmiz insan olmalıdır.
- Emin müəllim, elə indi də mühasiblər vergi bəyannaməsini mühasibət sənədləri əsasında təqdim edirlər. Vergi müvəkkilləri də öz işlərində həmin sənədlərə əsaslanacaqlar. Onda bunların fərqi nədə olacaq? Eyni sənədə istinad edirlərsə bəyannamədə nə fərq ola bilər?
- Baxın, vergi müvəkkili, dediyimiz kimi, vergi orqanında imtahandan keçmiş şəxsdir, yəni daha biliklidir. Mühasib isə sadəcə mühasib vərdişləri olan, bu sahədə sırf texniki biliklərə malik olan şəxs ola bilər. O elə bilir ki, mühasibət sənədləri əsasında gəldiyi qənaət doğrudur və doğru bəyannamə təqdim edir. Yəni özü də bilməyərəkdən səhv bəyannamə təqdmi etmək riski var. Müvəkkilin isə biliyi vergi orqanı tərəfindən imtahanda təsdiqlənib. Yəni onlar daha doğru bəyannamə təqdim edə bilərlər.
- Belə çıxır, Vergilər Nazirliyi bu addımla daha dürüst bəyannamələrin təqdim olunmasını istəyir…
- Fikrimcə, nazirlik bu yeniliklə sahibkarların işini asanlaşdırmaq, özünü artıq yüksələrdən sığortalamaq istəyir. Müəyyən lazımsız kameral yoxlamaar var ki, vergi xidmətinin işini artırır, sahibkarları isə incidir. Ola bilsin ki, bu kameral yoxlamalar ləğv edilsin. Bu növ işlər avtomatlaşdırmadan insan əməyinə, daha dəqiqi etibar olunan insan əməyinə havələ ediləcək.
İş adamları üçün yeni xidmət – VERGİ MÜVƏKKİLLƏRİ - MÜSAHİBƏ
08:51
18 İyun 2019