Son bir neçə il ərzində Avropa İttifaqının dəstəyi ilə fransalı ekspertlər Azərbaycanda iqtisadi və sosial islahatların həyata keçirilməsində köməklik göstəriblər. Bu, icbari tibbi sığorta, pensiya islahatının təmin olunması, qadınların işdə hüquq və imkanlarının genişləndirilməsi, məhdud imkanlı insanların sosial inteqrasiyası və suyun təmizlənməsi üzrə milli strategiyanın hazırlanmasını əhatə edir.
Eləcə də bax: Fransa iqtisadiyyatı Dünya Müharibəsindən bəri – ƏN PİS DURUMDA
FED.az xəbər verir ki, bu barədə "Trend"ə Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.
Səfir bildirib ki, Fransa İnkişaf Agentliyi (AFD) Azərbaycan dəmir yollarının modernləşdirilməsinin dəstəklənməsi üçün mühüm maliyyə paketləri və ekspert yardımı təqdim edir. Fransa və Azərbaycan, həmçinin kosmik sahədə əməkdaşlıq edirlər.
Diplomat qeyd edib ki, “Alstom”, “Thales”, “Schneider-Electric”, “Suez”, “Technip”, “Total”, “Lafarge-Holcim” kimi şirkətlər Azərbaycanda güclü mövqelərə malikdir:
“Aparıcı Fransa şirkətləri Azərbaycanda işləməyi hədəfləyir. Şübhə yoxdur ki, onlar Azərbaycanda vətəndaşların və istehlakçıların rifahı və təhlükəslizliyinə xidmət göstərə, suyun və havanın təmizlənməsi, bərk tullantıların utilizasiyası, keyfiyyətli tikinti, ekoloji təmiz enerji, şəhərlər və nəqliyyatın dayanıqlı inkişafı üzrə ən yaxşı standartları tətbiq edə bilərlər. AFD xətti ilə Fransa, həmçinin bu cür layihələrin reallaşdırılması üçün vasitələr və ekspert bilikləri təqdim etməyə hazırdır”.
Z.Qrossun sözlərinə görə, indiki neft böhranı ərəfəsində Azərbaycan üçün öz iqtisadiyyatını şaxələndirmək, bank sektorunda islahat keçirmək, eləcə də kiçik və orta müəssisələri inkişaf etdirmək olduqca vacibdir.
Pandemiya ikitərəfli münasibətlərə necə təsir göstərir?
Səfir vurğulayıb ki, Fransanın Bakıdakı səfirliyi, eləcə də Azərbaycanın Parisdəki səfirliyi bütün böhran boyunca öz işini davam etdirib.
Z.Qross qeyd edib ki, Prezident Administrasiyasında dəyişikliklərdən, yeni hökumətin formalaşmasından və parlament seçkilərindən sonra Azərbaycan siyasi inkişafın yeni mərhələsinə qədəm qoyub:
“Ümid edirəm ki, bizim əldə edəcəyimiz ən vacib nailiyyətlərdən biri Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında Tərəfdaşlıq Sazişinin hazırlanması olacaq. Post-pandemiya dövründə biz Aİ ilə Azərbaycan arasında daha geniş tərəfdaşlıq münasibətlərinə ehtiyac duyacağıq. Ona görə də bu saziş lazımi vaxta təsadüf edir”.
Energetika sahəsində əməkdaşlıq
Səfir bildirib ki, 2021-ci ildə iqtisadiyyatın bərpası gözlənilir: “Əlbəttə ki, energetika artımın strateji aktivi olaraq qalacaq. Mən əminəm ki, Azərbaycanın həm də Avropanın aparıcı enerji tərəfdaşı qismində parlaq gələcəyi var. Hesab edirəm ki, “Total” gələcəkdə Azərbaycana iri məbləğdə vəsait qoymağa hazırdır. Sual ondadır ki, SOCAR “Total” ilə mövcud tərəfdaşlığı genişləndirmək və birgə kapital yerləşdirmək istəyir, yoxsa bunu müstəqil şəkildə edə biləcək?”.
Z.Qrossun sözlərinə görə, Azərbaycan külək və günəş enerjisi sahəsində böyük potensiala malikdir: “Bunun üçün bərpa olunan enerji mənbələrinin inkişafı strategiyası, müvafiq qanunvericilik, elektrik şəbəkələrinə investisiyalar və bu sahədə böyük təcrübəyə malik beynəlxalq tərəfdaşlar lazımdır”.
Fransalı səfir əlavə edib ki, Fransanın “Total-Eren” və “Lucia-Quadran” kimi şirkətləri Azərbaycana investisiya qoymağa maraq göstərib.
İkitərəfli ticarət dövriyyəsinin dinamikası
Səfir vurğulayıb ki, 2019-cu ildə Fransa ilə Azərbaycan arasında ticarət dövriyyəsi 750 milyon avroya çataraq əvvəlki illə müqayisədə 22 faiz artıb:
“Azərbaycan Fransaya 606 milyon avro məbləğində neft ixrac edib, Fransa öz növbəsində Azərbaycana 143 milyon avro məbləğində sənaye məhsulları, xüsusilə də mexaniki, elektron və elektrik avadanlıqları, kimyəvi məhsullar və kosmetika ixrac edib. Beləliklə, Fransanın Azərbaycanla 460 milyon avrodan çox ticarət kəsiri var. Ümid edirəm ki, bu fərqi azaltmaq mümkün olacaq”.