İraqın iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana gəlib.
FED.az xəbər verir ki, səfər çərçivəsində Bağdad Ticarət Palatasının İdarə Heyətinin üzvü cənab Alaa Nurun başçılıq etdiyi biznes nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüş baş tutub.
Görüş əsnasında tərəflər İraq və Azərbaycan iş adamları arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin, İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Maki Ressan Əl-Mamori da iştirak edib. O, çıxışı zamanı qarşılıqlı fayda əldə etmək üçün hər iki ölkədə ticarətin və investisiyaların stimullaşdırılmasına çağırıb.
Səfər çərçivəsində qonaqların Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sumqayıt Texnologiyalar Parkı və bir sıra yerli şirkətlər ilə görüşü nəzərdə tutulub.