Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şamaxının Meysəri kəndində “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında iştirak ediblər.
FED.az xəbər verir ki, “Şirvan şərabları” MMC-nin icraçı direktoru Ceyhun Soltanov dövlət başçısına məlumat verərək bildirib ki, ümumi sahəsi 310 hektar olan kompleksdə müasir texnologiya ilə sahəsi 4,4 min kvadratmetr olan şərab zavodu tikilib və Fransanın “Pera” şirkətinin avadanlıqları ilə təchiz olunub.
Zavodun fransız texnoloqu Jam Montane bildirdi ki, 2015-ci ildə 40 hektar sahədə fransız sortlarından ibarət 100 min ting əkilməklə ilk üzüm bağı salınıb. Bir il sonra - 2016-cı ildə daha 40 hektar sahədə Azərbaycan, gürcü və fransız sortlarından ibarət 100 min ting əkilib. İlk məhsul ötən il götürülüb. 233 min 379 ton üzüm yığılıb, bu məhsuldan 142 min 900 litr üzüm şirəsi sıxılıb və “Meysəri” markası ilə “Sədəf”, “Mərcan” və “Məxməri” adlı şərablar istehsal olunub.
2017-ci ildə 40 hektardan çox, bu il isə 35 hektardan çox sahədə növbəti üzüm bağları salınıb. Gələn il daha 44 hektar sahədə yeni bağların salınacaq və üzüm sahələri 200 hektara çatdırılacaq. Üzümlüklərin 40 faizi ağ, 60 faizi isə qırmızı üzüm sortları olacaq. Hazırda müəssisədə Meysəri kəndi və ətraf ərazilərin sakinlərindən 200 nəfər işlə təmin edilib. Bildirilib ki, müəssisənin hədəfi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk məhsulları imzaladılar.
Prezidentə bildirilib ki, regionun turizm potensialını nəzərə alaraq kompleksə turist turlarının təşkil olunması və bununla da şərabçılıq turizminə töhfə vermək də müəssisənin qarşıya qoyduğu məqsədlərdəndir.
Bu məqsədlə ərazidə şərab muzeyi və restoran binası, terras istifadəyə verilib, qonaqlar üçün avtodayanacaq və qonaq evi tikilib. Çayın üzərində minik maşınları və piyadalar üçün körpü inşa olunub. Əraziyə uzaq məsafədən su, işıq, qaz xətləri çəkilib, yağış sularının axıdılması üçün xüsusi borular və avtomat suvarma sistemləri, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb. Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.