2021-ci ilin sonunadək İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan şirkətləri öz məhsullarını Rusiyanın Moskva şəhərində keçiriləcək “Heimtextil Russia 2021” və “WorldFood 2021”, Çinin Şanxay şəhərində təşkil olunacaq “Çin Beynəlxalq İdxal Sərgisi” (CIIE) sərgilərində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək.
Nazirlikdən FED.az-a verilən məlumata görə, bu ilin 14-16 sentyabr tarixlərində keçiriləcək “Heimtextil Russia 2021” sərgisi Rusiyanın ev tekstili, interyer parçaları və dekor materialları sahəsi üzrə ən iri beynəlxalq sərgisində təkcə Rusiyadan deyil, digər ölkələrdən də şirkətlər iştirak edəcəklər.
Sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri “Made in Azerbaijan” brendi altında vahid ölkə stendi ilə təmsil olunacaq. Qeyd edək ki, qədim sənət nümunəsi olan Azərbaycan xalçaları ilk dəfə olaraq xüsusi milli stenddə nümayiş ediləcək.
Bundan başqa, 21-24 sentyabr tarixlərində keçiriləcək “WorldFood 2021” sərgisində xarici ölkələrdən və Rusiyanın 40-dan çox regionundan aparıcı qida məhsulları istehsalçıları və təchizatçıları geniş çeşiddə qida məhsullarını təqdim edəcək. Sərgidə qida və içki sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri “Made in Azerbaijan” brendli məhsullarını nümayiş etdirəcəklər.
Azərbaycan bu il artıq 5-ci dəfə “WorldFood 2021” sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq.
5-10 noyabr 2021-ci il tarixlərində təşkil ediləcək 4-cü Çin Beynəlxalq İdxal Sərgisində qida və spirtli içkilər sahəsində fəaliyyət göstərən yerli şirkətlərimiz “Made in Azerbaijan” brendi ilə təmsil olunacaq. Azərbaycan şirkətləri sərgidə 4-cü dəfə iştirak edəcək və yerli məhsullar vahid ölkə pavilyonunda nümayiş olunacaq.