Prezident İlham Əliyev ölkə sahibkarlarını yatırımları ilk növbədə ölkə daxilində etməyə çağırıb.
FED.az xəbər verir ki, prezident bu bəyanatı Qazaxda əhəng zavodunun açılışında bildirib. Yeni açılan «Azerlime» əhəng zavodu «Mətanət A» şirkətinə məxsusdur.
Şirkəti yeni zaodun istifadəyə verilməsi münasibətilə təbrik edən dövlət başçısı xatırladıb ki, «Mətanət A»nın bir neçə zavodu fəaliyyət göstərir: «Mənim də tövsiyəm o idi ki, bütün sərmayələr Azərbaycana qoyulsun, sizin başqa planlarınız var idi. Mən sizin fəaliyyətinizlə mütəmadi surətdə tanış oluram. Çünki yeni açılan sənaye müəssisələrinin hər biri çox önəmlidir, xüsusilə o müəssisələr ki, daxili tələbatı ödəyir və eyni zamanda, ixracyönümlü məhsullar buraxır. Ona görə mən eşidəndə ki, sizin xarici ölkələrə investisiya planlarınız var, dedim ki, buna etiraz etmirəm. Çünki indi Azərbaycanın həm özəl, həm dövlət şirkətləri xaricə də sərmayə qoyur. Ancaq, ilk növbədə, Azərbaycanda müəssisələrin yaradılması məqsədəuyğundur ki, iş yerləri açılsın, yerli istehsal inkişaf etsin, idxaldan asılılıq azalsın, ixracyönümlü məhsullar ortaya çıxsın və bu da ölkəmizə valyuta gətirsin».