"ABAD" (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs tərəfindən dəstəklənən Rəhimovlar və Şükürovlar ailələrinin istehsal etdiyi ət və süd məhsulları satışa çıxarılıb.
"ABAD”dan FED.az-a verilən məlumata görə, artıq Bakının bəzi hipermarketlərində Masallı rayonundan olan "ABAD"çı Rəhimovlar ailəsinin "Kəndli" brendi altında təqdim olunan kolbasalarını və Şükürovlar ailəsinin "Şərəfə" brendi altında təqdim olunan pendirini əldə etmək mümkündür.
Yalnız yerli xammaldan və təbii ədviyyatlardan istifadə olunmaqla hazırlanmış məhsullar özünəməxsus dadı ilə fərqlənir. Hər iki məhsulun tərkibi tam təbiidir və kimyəvi qatqılardan istifadə olunmayıb. "Kəndli" kolbasası etiketinin hazırlanmasında ailə başçısı Əhmədağa Rəhimovun təsvirindən istifadə olunub və üzərində keyfiyyət nişanı olaraq "ABAD" leybli yerləşdirilib.
Qeyd edək ki, bu məhsullar "ABAD"ın ailələrə təqdim etdiyi müasir texnologiyalarla təchiz olunmuş monoblok-konteynerlərdə hazırlanır. Bütün zəruri standartlara cavab verən bu avadanlıqlar müvafiq texniki sertifikatlara malikdir.