Azərbaycanda idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxsin hüquq və vəzifələri artırılıb.
FED.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”na dəyişiklik edilib.
Qaydaya edilən yeni əlavəyə əsasən, operatorun hüquq və vəzifələrindən biri “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanununda nəzərdə tutulmuş tələblərə əməl etməkdir.
Belə ki Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 5.1.10-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.1.11-ci yarımbənd əlavə edilsin:
“5.1.11. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələş-dirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etmək.”;
2. aşağıdakı məzmunda 13.3-2-ci bənd əlavə edilsin:
“13.3-2. Operator “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etməlidir.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 avqust tarixli 134 nömrəli qərarı ilə təsdiq edilmiş “Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları”na aşağıdakı məzmunda 6.3-2-ci bənd əlavə edilsin:
“6.3-2. Operator “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etməlidir.”.