“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbsinin detalları məlum olub.
FED.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilməklə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Maddə 179. Mənimsəmə və ya israf etmə
179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama—
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[373]
179.2. Eyni əməllər:
179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
179.2.2. təkrar törədildikdə;
179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
179.3.2. külli miqdarda törədildikdə —beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə
308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308.2. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.