Dekabrın 10-da Bakı Konqres Mərkəzində I Gənc Sahibkarlar Forumu keçirilib.
Eləcə də bax: Sahibkarlar üçün daha bir - GÜZƏŞTLİ MALİYYƏLƏŞDİRMƏ MEXANİZMİ
FED.azxəbər verir ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Gənclər Fondunun və KOBİA yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə dövlət qurumlarının, gənclər sahəsində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan, həmçinin bu sahəyə maraq göstərən gənclər, ümumilikdə 300-dən çox iştirakçı iştirak edib.
Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, onların bu sahədə fikir və təkliflərinin öyrənilməsi məqsədilə təşkil olunmuş forumda gənclərin sahibkarlıq fəaliyyətinə marağı, biznes fəaliyyətinə başlanmasına dair məsələlər, gənclərin yaradıcı təşəbbüslərinin və layihələrinin reallaşdırılması müzakirə edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə həyata keçirilən gənclər siyasəti, bu sahədə görülən tədbirlər, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərin bilik və bacarıqlarının inkişafı, onların təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlər, "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyinin İdarə Heyətinin sədri Xaliq İldırımzadə təmsil etdiyi təşkilatın fəaliyyəti barədə məlumat veriblər.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov gənclər arasında sahibkarlığın inkişafının prioritet istiqamətlərdən olduğunu qeyd edərək dövlət dəstək mexanizmlərinin gənclər arasında təşviqinə, məşğulluq prosesinə gənclərin aktiv cəlb olunmasına, infrastruktur resurlardan səmərəli istifadəyə, gənclər üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dair təkliflər səsləndirib.
Forum çərçivəsində KOBİA ilə Azərbaycan Gənclər Fondu arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov imzalayıblar. Həmçinin tədbirdə KOBİA ilə "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Forum çərçivəsində gənc sahibkarlar biznesin qurulmasına dair öz təcrübələrini bölüşüb, onların təklifləri dinlənilib.