Bakıda “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) seçkili ümumi yığıncağı keçirilib. FED.az xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Prezident Administrasiyasının nümayəndəsi Bəhruz Həsənov, Milli Məclisin komitə sədri Ziyad Səmədzadə, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turganer, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Kəyan Hacıyev, Dövlət Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) rəhbəri Məmməd Musayev, Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM), TÜİB rəhbərliyi və çoxsaylı üzvləri, iş adamları və ictimaiyyət təmsilçiləri iştirak edib.
Tədbirdə TÜİB-in sədri Hüseyin Büyükfırat qurumun fəaliyyəti, yarandıqdan bəri apardığı işlər və həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib.
H.Büyükfırat bildirib ki, yarandığı gündən indiyədək TÜİB həm iqtisadi, həm sosial, həm də Azərbaycanın dünyaya tanıdılması sahəsində böyük layihələrə imza atıb. Bura iş adamları arasında əlaqələrin yaradılması, iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və ölkəmizin təbliği, eləcə də mühüm sosial məsuliyyət tədbirləri daxildir. Təşkilatın həyata keçirdiyi ən mühüm layihələrdən biri də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin dirçəldilməsi olub.
Yığıncaqda TÜİB-in gördüyü işlərlə bağlı videotəqdimat keçirilib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Prezident Administrasiyasının nümayəndəsi Bəhruz Həsənov, MM-in komitə sədri Ziyad Səmədzadə və İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turganer çıxışlarında TÜİB-in fəaliyyətini yüksək qiymətləndirib, sonrakı dövr üçün tövsiyələrini açıqlayıblar.
Tədbrdə TÜİB-in rəhbərliyinin, idarəedici və nəzarət qurumlarının üzvlərinin seçilməsi, qurumun nizamnaməsinə dəyişikliklər müzakirə olunub.
Ümumi Yığıncağın sonunda TÜİB üzvləri Hüseyin Büyükfıratı yekdilliklə yenidən İdarə Heyətinin sədri seçiblər.