Huawei-nin direktoru Google ya da Microsoft-un əməliyyat sistemlərini istifadə edə bilməsələr, şirkətin öz əməliyyat sisteminin bu il hazır olacağını bildirib.
FED.az CNBC-yə istinadən xəbər verir ki, Huawei-də İstehlakçı İş Qrupunun direktoru Richard Yu Huawei-nin öz əməliyyat sisteminin payıza qədər ağıllı telefonlar və kompüterlərdə istifadəyə hazır olacağını açıqlayıb.
Richard Yu əməliyyat sisteminin beynəlxalq bazarlar üçün 2020-ci ilin ilk ya da ikinci rübündə hazır olacağını söyləyib.
Richard Yu yalnız Huawei-nin Google və Microsoft ilə əməkdaşlığın tamamilə dayanması vəziyyətində şirkətin öz proqram sistemini inkişaf etdirəcəyini vurğulayıb.
Richard Yu, "Hələ Microsoft Windows və Google Android əməliyyat sisteminə bağlıyıq. Lakin bunu istifadə edə bilməzsək, Huawei öz B planını hazırlayacaq və öz əməliyyat sistemini istifadə edəcək" deyib.
Ötən həftə Huawei-nin Google-ın Android əməliyyat sistemindən istifadə edə bilməyəcəyi açıqlanmışdı. Lakin sonra qərarın 90 gündəliyinə təxirə salındığı bəyan edildi. Çinli şirkət keçid müddəti ərzində, dünya səviyyəsindəki əməliyyatlarının təsirlənməməsi üçün ABŞ-da istehsal edilən məhsulları satın almağa davam edə biləcək.