Noyabrın 30-da «Bakı Boulevard Hotel»də insan resurslarının idarə olunmasına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək. FED.az xəbər verir ki, «İnsan Resursları mənfəət mərkəzi kimi» devizi ilə keçirilən tədbirin məqsədi insan resursları idarəçiliyi sahəsində beynəlxalq təcrübənin yerli şirkətlərdə tətbiqinə töhfə vermək, həmçinin Azərbaycanda və digər ölkələrdə ən yaxşı təcrübələrin müzakirə edilməsi yolu ilə ümumilikdə ölkədə insan resursları idarəçiliyinin inkişafına dəstək olmaqdır.
Konfransın media partnyoru FED.az Biznes və Maliyyə Xəbərləri Portalıdır.
Tədbirin məqsədləri, burada müzakirə olunacaq məsələlər və digər detallarla bağlı FED.az-ın suallarına Konfransın təşkilat qrupu adından Tural Məmmədov cavab verir.
- Tural müəllim, Sammitin keçirilməsində əsas məqsəd nədir?
- Məqsədimiz insan resursları idarəçiliyi sahəsində beynəlxalq təcrübənin yerli şirkətlərdə tətbiqinin keyfiyyətinin yaxşılaşdırılmasına töfhə vermək, həmçinin Azərbaycanda və digər ölkələrdə ən yaxşı təcrübələrin müzakirə edilməsi yolu ilə ümumilikdə ölkədə insan resursları idarəçiliyinin inkişafına dəstək olmaqdır.
- Konfransda hansi məsələlər diqqət mərkəzində olacaq?
- “HR Summit Baku 2018”də insan resursları idarəçiliyindəki trendlər və perspektivlər, xərc mərkəzli insan resursları idarəçiliyi və gəlir mərkəzli insan resursları idarəçiliyi, insan resurslarının idarə edilməsində məlumat bazalarının qurulması və bu bazalardan istifadə imkanları, dəyişikliklərin idarə edilməsində insan resurları idarəçiliyinin rolu, müəssisələrin və insan resurslarının potensilaının aşkarlanması, insan resursları idarəçilyində effektivliyin təmin edilməsi, strateji tərəfdaş və mənfəət mərkəzi olaraq insan resursları idarəçiliyi, istedadların cəlb edilməsində işəgötürən brendinin rolu və insan resursları idarəçiliyi nəzəriyyələri kimi mövzular müzakirə ediləcəkdir.
- Spikerlər və mövzular hansı prinsiplə seçilib?
- Spikerlərimiz yerli və xarici olmaqla yüksək imicə və statusa malik qurumların insan resursları strukturları üzrə rəhbərlər, həmçinin insan resursları sahəsini kurasiya edən yüksək vəzifəli şəxslər, habelə qurum rəhbərləri sırasından dəvət edirik.
- Sammitin keçirilməsinin Azərbaycandakı şirkətlərə və işəgötürənlərə hansı faydaları ola bilər?
- Sammitdə iştirak etməklə sahə üzrə yeni tətbiqlərlə bağlı müzakirələrin iştirakçısı olacaqsınız. Həmçinin Sammit iştirakçılarına təsadüfi seçimlərlə, yaxud da xüsusi müəyyən etmə ilə peşəkar və fərdi inkişafa dəstək ola biləcək hədiyyələr təqdim ediləcək. Bunlardan əlavə əminik ki, nahar və kofe fasilələrində həm spikerlər, həm də ölkənin ən öndə olan yüzlərlə insan resursları peşəkarları bir-birləri ilə faydalı ünsiyyət qurmaqla öz peşəkar əhatə dairələrini daha da genişləndirə biləcəklər. Ümumiyyətlə, belə bir spikeri olan tədbirdə iştirak etmək üçün hər bir şəxs üçün orta hesabla 1500-2000 avro pul tələb olunur.
- Azərbaycanda HR xidmətinin səviyyəsi və bu sahənin inkişafı ilə bağlı vəziyyət nə yerdədir?
- Son 5 il ilə müqayisə etdikdə hazırda bu sahədə fərdi zəmində daha peşəkar şəxslərin mövcudluğu müşahidə edilir. Bu da öz növbəsində yaxın gələcəkdə sahə üzrə ümumi bir inkişafın olacağının bariz göstəricisidir.
- Siz bir neçə ildir bu sammiti təşkil edirsiniz, sammitə maraq necədir? Iştirakçı sayı ildən ilə çoxalırmı?
- Hazırda bu sahəyə olduqca böyük maraq vardır. Bu tədbirlərin keçirilməsi hər hansı bir ehtiyacın əmələ gətirilməsinə deyil, sahə üzrə mövcud olan tələbin qarşılanmasına xidmət etməkdədir.
- Bu sahənin peşəkarları “HR Summit Baku 2018”də iştirak etmək üçün nə etməlidirlər?
- “HR Summit Baku 2018”də iştirak etmək üçün www.hrsummit.az saytına daxil olmaqla həm daha ətraflı məlumat əldə edə bilər, həm də elektron biletlərini sifariş edə bilərlər.