Koronavirus epidemiyası ilə dəyişən qlobal ticarət balanslarına və logistika kanallarındakı qismən pozulmalara baxmayaraq, Hollandiya kənd təsərrüfatı ixracatı 2020-ci ildə bir əvvəlki ilə nisbətən yüzdə 1 artdı.
FED.az xəbər verir ki, 2020-ci ildə Hollandiyanın ümumi kənd təsərrüfatı ixracatı yeni bir rekord vuraraq 95,6 milyard avroya (116,3 milyard dollar) çatıb.
Sözügedən ixracatın 68,3 milyard avrosu (83,1 milyard dollar) Hollandiyada istehsal olunan məhsulların ixracından, 27,3 milyard avro (33,2 milyard dollar) isə idxal olunan xammalın emalı və ixracından əldə edilib.
Kənd təsərrüfatına aid digər mal növlərini də nəzərə alanda, Hollandiyanın kənd təsərrüfatı ixracatı 105,4 milyard avro (128,2 milyard dollar) təşkil edib.
2019-cu ildə olduğu kimi 2020-ci ildə də bəzək bitkiləri qrupu (çiçəklər, bitkilər, ampüller və fidan məhsulları) ən çox ixrac edilən məhsullardan biri oldu. 2020-ci ildə 9,5 milyard avro (11,6 milyard dollar) dəyərində dekorativ bitki məhsulları ixrac edilib. Korona böhranının ilk aylarında çiçəkçilik ixracatı bazarı çətin bir dövr yaşasa da, sonrakı aylarda özünə gəlib və il ərzində 03,% artıb.
Bəzək əşyalarından sonra dəyərinə görə ikinci ən çox ixrac edilən məhsul ət olub. Bununla birlikdə, bu bazar 2020-ci ildə 3% azalaraq 2019-cu ildəki 9 milyard avrodan 2020-ci ildə 8,7 milyard avroya (10,6 milyard dollara) düşüb.
Süd məhsulları, yumurta və tərəvəz məhsulları ixracatda müvafiq olaraq 4% və 3% azalıb. Bununla birlikdə meyvə ixracatı 11% artıb.
2020-ci ildə Hollandiyanın bütün kənd təsərrüfatı ixracatı üçün ən böyük bazar 24,6 milyard avro (30 milyard dollar) və 26% bazar payı ilə Almaniya olub, Hollandiyanın digər əhəmiyyətli ixracat bazarları Belçika, İngiltərə və Fransa olub.
Hollandiyanın bütün kənd təsərrüfatı məhsullarının 67%-i Avropa Birliyi bazarında satıldı (İngiltərə xaric).
Hollandiyanın beşinci böyük ixrac bazarı Çin olub. Çinə kənd təsərrüfatı ixracatı, əsasən donuz əti və uşaq südü tozu ixracatındakı artım sayəsində 24% artaraq 3.8 milyard avroya (4.6 milyard dollar) yüksəlib. 2019-cu ildə isə bu göstərici 3,1 milyard avro (3,8 milyard dollar) olmuşdu.
Hollandiya, ABŞ-dan sonra dünyanın ikinci böyük kənd təsərrüfatı ixracatçısıdır.