Azərbaycanda icra olunan özünüməşğulluq proqramı çərçivəsində Quba rayonu üzrə 24 ailəyə fərdi təsərrüfat qurmaq üçün aktivlər verilib. FED.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, özüməşğulluq proqramı çərçivəsində Quba sakinləri əsasən kənd təsərrüfatı sahəsində fərdi təsərrüfatlar yaradıblar.
Ötən dövrdə Quba Məşğulluq Mərkəzinə öz biznesini qurmaq üçün 150-dən çox vətəndaş müraciət edib. Onlardan 31-nin layihəsinə baxılıb. 24 nəfər isə biznes planını uğurla müdafiə edərək proqramdan faydalanmağa başlayıb. Həmin ailələr kənd təsərrüfatı, iribuynuzlu və xırdabuynuzlu mal-qara, şirniyyat, xalçaçılıq sexi, istixana üçün müxtəlif aktivlər alıblar.
Qubanın Güləzi kənd sakini Elxan Mahmudov da özünüməşğulluq proqramından faydalanaraq şəxsi biznesini quranlardandır. E.Mahmudov bildirib ki, 2016-cı ildə fərdi heyvandarlıq təsərrüfatı yaratmaq üçün Məşğulluq Mərkəzinə müraciət edib. Proqram çərçivəsində ona 4 baş iribuynuzlu heyvan təmənnasız olaraq verilib.
Eləcə də bax: Azərbaycanda kasıblar necə biznes qururlar? – YENİ LAYİHƏ, SAHƏLƏR
Quba Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi Firuddin Həmidov qeyd edib ki, özünüməşğulluq proqramına cəlb olunanlar üçün ilk növbədə iki aylıq təlim kursları təşkil edilir. Kurslarda onlara təsərrüfatın idarə olunması və inkişaf etdirilməsi ilə əlaqədar zəruri bilik və bacarıqlar öyrədilib. Kursları uğurla başa vuran və təlim müddətində hazırladıqları biznes-planları qiymətləndirmə zamanı etimad qazanan şəxslərə ailə təsərrüfatı qurmaları üçün bu ilin fevralından aktivlərin verilməsinə başlanılıb.
Təqdim olunmuş aktivlər hesabına yaradılan fərdi təsərrüfatlar əmək qabiliyyətli ailə üzvlərinin də özünüməşğulluğuna və öz zəhmətləri ilə ailə gəlirlərini artırmalarına şərait yaradıb. Bu təsərrüfatların idarə olunması, gələcəkdə daha da genişləndirilməsi üçün məsləhət xidmətləri də göstəriləcək.