Azərğbaycanda gələn il üçün gözlənilən vergi dəyişiklikləri parlamentə təqdim olunsa da, hələlik hökumətdə ayrı-ayrı dəyişikliklərlə bağlı qəti fikir yoxdur. FED.az xəbər verir ki, ilin başa çatmasına, yəni dəyişikliklərin qüvvəyə minməsinə cəmi ay yarım qalmasına baxmayaraq Vergi Məcəlləsi ilə bağlı müzakirələr bütün qurumlarda davam edir.
Eləcə də bax: Sadələşdirilmiş vergi belə dəyişəcək – TAM MƏTN
Halbuki mövcud qrafikə əsasən, məcəllə üzrə müzakirələr Vergilər Nazirliyi, Nazirlər Kabineti və Prezident Aparatında başa çataraq parlementdə davam etməliydi.
Amma FED.az-ın məlumatlarına görə, hətta Vergilər Nazirliyinin özündə də Məcəlləyə dəyişikliklərin bəzi detalları ilə bağlı müzakirələr bu gün də davam etməkdədir. Əsas müzakirə mövzusu, sadələşdirilmiş vergi və onun əhatə etdiyi sahələrin müəyyən edilməsi ilə bağlıdır.
Maraqlıdır ki, vergilər naziri dövlət televiziyası ilə çıxışında bu məsələ ilə bağlı qəti fikir söyləməyib.
Nazir sadələşdirilmiş verginin dərəcəsinin 4%-dən 2%-ə endirilməsini ciddi güzəşt adlandırıb və bildirib ki, bunun nəticəsində sadələşdmirilmiş vergi ödəyicilərinin vergi yükü iki dəfə azaldılacaq.
Bununla yanaşı, M.Cabbarov təklif edilən digər dəyişikliklər barədə ətraflı danışmaq istəməyib: «Sadələşdirilmiş vergi fəaliyyətlərinə də nəzər salırıq və sadələşdirmiş vergi fəaliyyətinə aid ola bilən siyahını müəyyənləşdiririk. Yəqin ki, vurğulanmalı olan dəyişikliklər və islahatlarla bağlı bunları qeyd etməklə kifayətlənək. Çünki qanun qəbul ediləndən sonra bu barədə ətraflı məlumat və maarifləndirmə aparılacaq». Başqa sözlə, nazirin sözlərindən məlum olur ki, sadələşdirmiş vergi fəaliyyətinə aid ola bilən şəxslərin siyahısının son variantı hələ məlum deyil.
Hökumətdə vergi dəyişiklikləri ilə bağlı qəti qərar yoxdur
10:29
16 Noy 2018