Xəbər verildiyi kimi, Azərbaycanda pandemiyadan zərər çəkən sahibkarlara dəstəyin ikinci mərhələsi başlayıb.
Eləcə də bax: Sahibkarlara əməkhaqqı ödənişlərinə başlandı - MƏBLƏĞLƏR
FED.az xatırladır ki, bu dəfə ötən mərhələdə 250 manat yardım almış sahibkarlara eyni məbləğ ödənilir və əmək haqqı üçün sahibkarlara dəstək verilir. Ötən dəfə 250 manatdan daha yüksək dəstək alan sahibkarlara isə bu dəfə ödəniş edilmir.
FED.az xəbər verir ki, indiyədək əsas şərtlərdən olan işçilərin ixtisar edilməməsi ilə bağlı tələblər bir qədlər yumşaldılıb. Dövlət Vergi Xidmətinin şöbə rəis Tural Vəliyev «ASAN Radio»nun «Sahibkarı tanı» verilişində bildirib ki, artıq kiçik sayda ixtisarlara yol verən sahibkarlar da yardım ala biləcək.
«Bu dəfə maliyyə dəstəyi əvvəlkindən fərqli olacaq. Əsas fərq odur ki, fərdi sahibkarlardan birinci mərhələdə 250 minama alanlar yenidən birdəfəlik ödəniş alacaqlar və buna görə yenidən müraciət etməyə ehtiyac yoxdur.
İkinci mərhələdə əmək haqqı və işçi sayını kəskin azaltmayanlar yenidən əmək haqqı kompensasiyası alacaqlar. Bu ödəniş də iki bərabər hissəyə bölünməklə avqust və sentyabr aylarında hesablara köçürüləcək».
Xidmət nümaynədəsi bildirib ki, bu dəfə yardım keçən dəfə 250 manat alanlara və əmək haqqı alanlara veriləcək. Amma bir şərtlə ki, işçiləri azaltmayıblar və əmək haqlarını da aşağı salmayıblar: «Bir neçə nəfər azad oluna bilər. Əsas odur ki, ixtisar işçi sayının 30%-ni keçməsin. Məsələn işçi sayı 30 nəfər olan şirkətdə 3 nəfər ixtisar edilibsə yardım alması ilə bağlı problem olmayacaq. Amma bu şirkət işçilərinin 10-15 nəfərni ixtisar edibsə yardım almayacaq»-deyə Tural Vəliyev yeni yanaşmanı izah edib.
Digər sahibkarlara (yəni ötən dəfə 250 manatdan daha çox yardım almış iş adamlarına) dəstək verilib-verilməyəcəyinə gəlincə, Tural Vəliyev deyib ki, gələcəkdə onların da məsələsinə baxıla bilər.
Vergi Xidmətinin nümaynədəsi bildirib ki, indiyədək ikinci mərhələdə 50 minə yaxın fərdi sahibkara 12 milyon manatdan çox maliyyə dəstəyi göstərilib.
Birinci mərhələdə isə 107 mindən çox sahibkara 63 milyon manat ödənilmişdi: «O cümlədən birinci mərhələdə 25 mindən artıq vergi ödəyicisinin 216 min işçisi üçün 99 milyon manatdan çox bir aylıq əmək haqqı dəstəyi verilib. Artıq bu həftədən başlayaraq sahibkarların əmək haqlarının ikinci mərhələsində də əmək haqları ödənişinə başlanılıb».