FED.az xəbər verir ki, bunu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov deyib.
ONun sözlərinə görə, "Beynəlxalq təcrübə göstərir ki, kiçik və orta sahibkarlara göstərilən xidmətlərin vahid məkanda “bir pəncərə” prinsipi üzrə təşkili müsbət nəticələr verməklə yanaşı, həmin xidmətlərin keyfiyyətinin təmin olunmasında da mühüm rol oynayır. Məhz bu amilləri nəzərə alaraq, Agentliyin nəzdində ölkənin rayon və şəhərlərində Kiçik və Orta Biznes evlərinin yaradılması planlaşdırılır. Bu evlərin yaradılmasında əsas məqsəd sahibkar məmnunluğunu təmin etməklə yanaşı, göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun həyata keçirilməsinə nail olmaqdır".
O.Məmmədov vurğulayıb ki, Agentliyin fəaliyyəti kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin təşkilinə yönələcək. Bu tədbirlər, güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, qabaqcıl təşkilati modellərin tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, xarici bazarlara çıxış, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətləri əhatə edəcək:
"Fəaliyyətimizin əsas istiqamətlərindən biri sahibkarlığın inkişafı qarşısındakı maneələrin müəyyənləşdirilməsi və bunların aradan qaldırılmasına yönəldiləcək. Təhlillər göstərir ki, biznesin səmərəli təşkili və davamlı inkişafı bir tərəfdən sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi ilə müəyyən edilirsə, digər tərəfdən sahibkarların yaradılmış biznes mühitində öz fəaliyyətini düzgün təşkil etməsi ilə şərtlənir. Bu çərçivədə sahibkarların bilik və bacarıqlarının inkişafına yönəlmiş bir sıra dəstək xarakterli tədbirlər, o cümlədən, təlim, konsaltinq və s. xidmətlərin təşkili sistemi yaradılacaq.
Fəaliyyətimizin səmərəsi kiçik və orta biznesin inkişafı üzrə daha əlverişli biznes mühitinin formalaşdırılması, kiçik və orta biznesin iqtisadiyyatdakı rolunun artırılması və təbii ki, bu qabaqcıl məqsədlərə nail olmaq üçün sahibkarların qurumun fəaliyyətindən olan gözləntilərinin doğrultma səviyyəsi ilə müəyyən ediləcək. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün işimizi aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və sahibkarların ictimai birlikləri ilə sıx əməkdaşlıq şəraitində qurmaq niyyətindəyik. Hədəfimiz qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir".
Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru O.Məmmədov yekunda konfransın işinə uğurlar arzu edərək, sahibkarları Agentliklə sıx əməkdaşlığa dəvət edib.