Vergilər Nazirliyi sadələşdirilmiş vergi ödəyiciləri üçün hesabatların təqdim edilməsi müddətini yanvarın 22-nə qədər uzatdı. FED.az Nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən 2017-ci ilin 4-cü rübünə görə sadələşdirilmiş verginin bəyannaməsi 2018-ci ilin yanvar ayının 22-dən (yanvarın 20-si və 21-i qeyri-iş günü olduğuna görə) gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Bəyannamə internet vasitəsi ilə elektron formada və ya kağız daşıyıcıda tərtib olunaraq poçt vasitəsi ilə vergi orqanına göndərilə bilər. Vaxt, tərtib edilmə və resurslara qənaət baxımından bəyannamənin internet vergi idarəsinə (www.e-taxes.gov.az) daxil olub, onlayn tərtib edilməklə göndərilməsi daha əlverişlidir. Bunun üçün isə gücləndirilmiş elektron imza, o cümlədən Asan İmza və ya vergi orqanından əldə edilmiş istifadəçi kodu, parol və şifrə tələb olunur. Hazırda vergi ödəyicilərinin mütləq əksəriyyəti elektron sənəd mübadiləsinə qoşulub.