Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 15 yanvar tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirildi. Komitədən FED.az-a verilən məlumata görə, müxtəlif kateqoriyalar üzrə çoxseçimli dövlət əmlaklarının özəlləşməyə çıxarılması və hərraca qoşulmaq üçün sadə prosedurlar vətəndaş fəallığını təmin etdi. Belə ki, elektron hərrac sistemi ilə 8 vətəndaş vaxt itirmədən, gündəlik fəaliyyətdən uzaqlaşmadan onlayn sifariş verməklə hərracda iştirak statusu qazanıb. 15 dövlət əmlakı üzrə ümümilikdə 31 sifarişin olması səbəbindən hərrac rəqabətli şəraitdə keçdi. Özəlləşdirilən dövlət əmlaklarından 8-i kiçik dövlət müəssisə və obyekti, 6-sı nəqliyyat vasitəsi, 1-i isə qeyri-yaşayış sahəsidir.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrindən 4-nə ümumilikdə 20 sifarişin qeydə alınması vətəndaşların fəal iştirakını və yüksək marağını göstərir. Rəqabətli hərracda ilkin qiyməti 6 min manat olan Kia Optima markalı avtomobili qalib iştirakçı 10 min 100 manata özəlləşdirdi. Eyni markadan olan, 4 min manat hərrac qiyməti təyin olunmuş digər bir nəqliyyat vasitəsi üçün iştirakçı son qiymət olaraq 6 min manat təklif etdi. Vətəndaşlar tərəfindən özəlləşdirilən digər avtomobillər isə QAZ, Fiat, Nissan və Uaz kimi markalara aiddir.
Paytaxt üzrə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektləri Səbail, Xəzər və Sabunçu rayonlarında yerləşir. Səbail rayonu, Ş.Allahverdiyev küçəsindəki dövlət əmlakının ümumi faydalı sahəsi 82.2 kv.m-dir. Yanacaqdoldurma məntəqəsi kimi istifadə olunmuş obyekt investor tərəfindən 2 min 500 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirildi. Buzovnadakı mağazanın isə ümumi faydalı sahəsi 211.2 kv.m-dir. Biləsuvar rayonu, Nəsimikənd kəndində yerləşən Yardımçı təsərrüfatın ümumi faydalı 121.6 kv.m-dir. Bu dövlət obyektinin geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun iqtisadi potensialının artırır. Xidmət fəaliyyəti üçün uyğun olan qeyri-yaşayış sahəsi isə Bakı şəhəri, Səbail rayonu, M.Useynov küçəsində yerləşir. Özəlləşən bu obyektin ümumi faydalı sahəsi 352.7 kv.m-dir.
Qeyd edək ki, komitənin təşkil etdiyi növbəti hərrac 22 yanvar tarixində keçiriləcək. Bu dəfə hərraca ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 20-si qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə etmək və prosesdə iştirak etmək üçün komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.
Hərracda qiymətlər artdı – 15 ƏMLAK ÖZƏLLƏŞDİ
13:27
15 Yan 2019