Qida Təhlükəsizliyi Agentliyi qeydiyyatdan keçməyən sahibkarların fəaliyyətinə qadağa qoyulacağı və ya onların cərimələnəcəyi haqqında məlumatlara aydınlıq gətirib. Agentlikdən FED.az-a daxil olan məlumata görə bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Açıqlamada deyilir:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi ilə bağlı bəzi saytlarda qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyətinin qadağan olunacağı haqqında məlumatlar yer alıb.
Qida təhlükəsizliyi Agentliyi bəyan edir ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyat və dövlət reyestrinin aparılması əvvəlcədən elan olunduğu kimi mərhələli şəkildə həyata keçirilməkdədir. Bu dövr ərzində sahibkarlıq subyektlərinin fəaliyyətinin qadağan olunması, cərimə və sanksiyaların tətbiqi nəzərdə tutulmamışdır.
Hazırda qeydiyyat və dövlət reyestrinin aparılması işləri ilə paralel olaraq sahibkarların bu istiqamətdə maarifləndirilməsi və onlara peşəkar səviyyədə metodiki yardımların göstərilməsi işləri həyata keçirilir.
Əlavə olaraq bildiririk ki, üç mərhələdə həyata keçiriləcək qeydiyyat və dövlət reyestrinin aparılması zamanı, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsalat və təsərrüfat müəssisələrinin qeydiyyatı, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri, satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müracət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılması həyata keçiriləcək.
Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, qeydiyyat və dövlət reyestrinin aparılması prosesinində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstəriləcək və bütün mərhələlərində sahibkarların yeni qaydalarla bağlı maarifləndirilməsi və fəaliyyətlərini təkmilləşdirmələri üçün onlara metodiki tövsiyələr veriləcəkdir".
"Heç bir qadağa və cərimə olmayacaq" - AGENTLİKDƏN AÇIQLAMA
18:54
26 İyul 2018