’’Hands Art’’ sosial təşəbbüsünün təsisçisi gənc sosial sahibkar Murad Məmmədov 9 il ərzində əlillik mövzusunda müxtəlif sosial layihələrdə iştirak edib. Layihələrdən əldə etdiyi biliklər 2019-cu ilin payızında Murada ’’Hands Art’’ sosial layihəsinin təməlini qoymağa təkan verir.
Başlanğıcda bunu sadəcə sosial layihə ilə məşğul olan və müəyyən xərclərini qarşılya biləcəyi iş kimi görürdü. İdeya formalaşdıqca və müəyyən araşdırmalardan sonra sosial sahibkarlığın məqsədini, cəmiyyət üçün dəyərini və mahiyyətini daha aydın şəkildə kəşf edir.
‘’Hands Art’’ sosial biznes layihəsinin fəaliyyət istiqaməti olaraq təbii bitkilərdən və dekorativ əşyalardan istifadə edərək müxtəlif boyunbağılar, sırğa, üzüklər hazırlanır və onlayn satışa çıxarılır. Məhsullar vaxtaşırı olaraq sərgi və yarmarkalard nümayiş etdirilərək müştərilərə təklif olunur.
Əldə olunan gəlirin bir hissəsi isə cəmiyyətdə bərabərlik və birgəliyi dəstəkləyən layihələrin və tədbirlərin keçirilməsinə yönləndirilir.
Ötən il boyunca bir neçə tədbir reallaşdırıb və bu tədbirlər əsasən inkluzivlik prinsipinə əsaslanan açıq hava şəraitində şəbəkə görüşləri və oturaq voleybol oyunudur. Həmçinin səmərəli şəbəkələşməyə də imkan yaradan bu tədbirləri xüsusi edən əsas səbəb onun fiziki məhdudiyyətli və heç bir fiziki məhdudiyyəti olmayan şəxslər arasında keçirilməsidir.
İnsanların marağını cəlb edən başqa tədbir isə nitq məhdudiyyətli şəxsin həyat hekayəsindən bəhs edən bədii filmin açıq havada nümayişi idi. Məqsəd, müxtəlif sosial təbəqələrdən gələn izləyiciləri nitq məhdudiyyətli şəxslərlə bağlı məlumatlandırmaq və maarifləndirmək idi.
Layihənin təməl prinsipində cəmiyyəti bərabərlik mövzusunda maarifləndirmək dayandığını qeyd edən Murad Məmmədəv, cəmiyyətdə nəinki əlillik, hətta insanların bir-birinin müxtəlifliyinə, fərqliliyinə normal, tolerant yanaşaraq qəbul etməsi, birgə fəaliyyət zamanı uyğunlaşması ilə bağlı çətinliklərin yaşandığını və vəziyyətin o qədər də ürəkaçan səviyyədə irəliləmədiyini də vurğulayır.
Murad Məmmədovun sözlərinə görə, buna görə də, layihənin əsas missiyası bərabərliyi təbliğ etməklə insanların dostluq və sevgi içərisində yaşamasına, fəaliyyət göstərməsinə nail olmaqdır.
Murad eyni zamanda beynəlxalq təşkilatların Bakı nümayəndəlikləri ilə də yaxından əməkdaşlıq edərək onların ən yaxşı təcrübələrini paylaşır.
Sosial Sahibkarlığın hazırda mövcud sosial problemlərin həllində yaxşı fürsət olduğunu vurğulayan Murad Məmmədov, ‘’Hands Art’’ sosial biznes layihəsini əsas götürərək hər kəsi - fərdi şəxsləri və şirkətləri, sosial sahibkarlıq müəssisələrinin təklif etdiyi xidmətlərdən, məhsullardan istifadə etməklə onlara dəstək olmağa səsləyir.
Ərşad Məmmədov, Arzu Ismayılova
Education HUB
Yazı “Education HUB” Sosial Sahibkarlıq Proqramı çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb və Avropa İttifaqının mövqeyini əks etdirmir. Məzmun Education HUB-a məxsusdur.