Koronavirus pandemiyası günlərində Azərbaycanda Türkiyədən onlayn qaydada alış-veriş ticarəti iki qat artıb.
Bunu FED.az-a Türkiyədən online qaydada ölkəmizə sifarişlər gətirən “AZEX” şirkətinin rəhbəri Elşən Məmmədov deyib.
Xatırladaq ki, koronavirus səbəbindən tətbiq edilən karantin tədbirlərinə görə, hazırda ölkədə ticarət mərkəzləri bağlanıb, alış veriş dayanıb, yalnız onlayn ticarət mümkündür. Belə vəziyyətdə müxtəlif onlayn tiarət platformaları vasitəsilə xaricdən alış-veriş artmaqdadır.
E.Məmmədoa bildirib ki, pandemiya və karantin təbirləri başlayanda şirkət rəhbərliyi Türkiyə ilə onlayn ticarətin də azalacağını düşünüb, amma əksinə olub: «Hazırda onlayn sifarişlər artan tempdədir. İndiyədək bizim sayt vasitəsilə gündə min bağlama sifariş edilirdisə, indi bu göstərici 2 minə yaxıqlaşıb. Təqribən 100% artım var».
E. Məmmədov pandemiya ilə əlaqədar sifarişlərin növündə dəyişiklik olmadığını da vurğulayıb: «Müştərilər həmişəki kimi, geyim almağa üstünlük verirlər. Bundan əlavə, ayaqqabı, ev tekstili əşyaları da alırlar . Yəni alınan malların çeşidi dəyişməyib».
Şirkət rəhbəri onlayn satışların artmasını ölkədə fəaliyyət göstərən molların bağlanaması ilə əlaqələndirib: “Mollar bağlanıb, heç kim gedə bilmir. Əhali alış-veriş marağını onlayn ticarətə yönəldib. Bu da daşıdığımız bağlamaların həcmini çoxaldıb. Elə adam var ki, Türkiyədən ad gününə hədiyyə alır, bizim kuryerlər də ünvana çatdırırlar”.
Türkiyədə dolların bahalaşması və ənənəvi aprel endirimləri də satışları artırıb. Türk lirəsinin dollar qarşısında zəifləməsi, onun manat nisbətində də ucuzlaşmasına səbəb olub. Nəticədə indi türk saytlarından alış-veriş etmək daha sərfəli olub. Bu da onlayn müraciətləri artıran bir səbəbdir.
Onlayn ticarətdə əhalini narahat edən məsələlərdən biri virusun bağlamalarda yayılması ehtimalı ilə bağlı olub, amma bu məsələ həllini tapıb: «Əhalini narahat edən məsələlərdən biri də bağlamaların üzərində virusun gəlmə ehtimalı idi. Amma Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, cansız əşyalar üzərində virusun qalma müddəti maksimum 14 saatdır. Biz müştərilərə bağlamaları verəndə onu dezinfeksiya edib çatdırırıq».
Şirkətin direktoru Türkiyədən malların daşınma qiymətlərində dəyişikliyin olmadığın da deyib: «Pandemiyadan əvvəl qiymətlər necə idisə, indi də elədir. Sadəcə olaraq müştərilərə yerində xidmət göstərə bilmirik. Bağlamalar olur ki, ofisə daxil olduqdan sonra kuryer sifarişi ilə müştərinin ünvanına çatdırırıq. Sifarişçi evdən çıxmadan bağlamalar onlara təhvil verilir».