Azərbaycanda dövlət xətti ilə – Sahibkarlığın İnkişafı Fondunun vasitəsilə verilən güzəştli kreditlərin alınması üçün müraciət qaydaları sadələşdirilib.
FED.az xəbər verir ki, sentyabrın 1-dən qüvvəyə minən dəyişikliklər güzəştli kredit üçün tələb olunan sənədlərə, həm də biznes planın hazırlanmasına aiddir.
Sahibkarlığın İnkişaf Fondunun İdarə Heyətinin sədr müavini Osman Xaliyev FED.az-a bildirib ki, ilk növbədə müraciət zamanı tələb olunan sənədlərin siyahısı kiçilib. İndiyədək hüquqi şəxslər 12 sənəd, fiziki şəxslər isə 10 sənəd təqdim etməli idilərsə, indi bu siyahı müvafiq olaraq 6 və 4-ə endirilib.
Fonda göndərilən sənədlərin notarial qaydada təsdiqi tələbi də aradan qaldırılıb. Sənədlər kredit təşkilatının səlahiyyətli nümayəndəsinin imzası və möhürlə təsdiqlənməklə təqdim ediləcək.
«Təsdiq məsələsi müvəkkil kredit təşkilatına həvalə ediləcək. Artıq banklar, BOKT-lar sahibkarlıq subyektlərinin sənədlərini göndərərkən öz təsdiqləri kifayət edəcək. Sahibkarlıq subyekti əlavə olaraq notariusa müraciət etməyəcək»-deyə O.Xaliyev bildirib.
Əsas dəyişikliklərdən biri biznes planın tələb olunmasına aiddir. İndiyədək SİF-in kreditlərini almaq üçün müaciət etdikdə məbləğ 50 min manatdan artıq olduqda biznes plan tələb olunurdu. İndi isə bu məbləğ 200 min manata qaldırılıb. Başqa sözlə, 200 min manatadək güzəştli kreditləri biznes plan təqdim etmədən almaq mümkün olacaq: «Biznes plana olan tələbin minimal məbləğ olaraq həddi dəyişib. İndiyədək biznes plan tədim etmədən 50 min manatadə kredit almaq olardı. Sentyabr ayının 1-dən etibarən isə sahibkarlıq subyekti Fondun güzəştli vəsaitindən yararlanmaq istədikdə, 200 min manatadək olan kreditlərdə biznes planın yazılmasına və təqdim edilməsinə ehtiyac qalmır.
Fondun ilkin monitorinq şərtləri də dəyişib. İndiyədək güzəştli kreditin məbləği 20 min manatı keçdikdə fondun əməkdaşları həmin əraziyə gedərək onu monitorinq edirdilər. Bunan sonra isə həmin şərt 50 min manatdan artıq kreditlərə aid olacaq.
Daha bir dəyişiklik kredit alınması üçün təqdim edilən sənədlərə baxılmasına aiddir. İndi sənədlərdə oan çatışmazlıqlar dərhal aşar edilib banka qaytarıacaq ki, sahibkar çatışmazlıqları vaxtında aradan qaldıra bilsin və buna vaxt itirməsin.
«Sadələşmə planında qərarların çevik verilməsi – əgər hər hansı bir müraciət Fonda daxil olursa, düzəldilməsi ilkin olaraq mümkün olmayan məqam görünürsə, dərhal çevik reaksiya verərək çatışmazlıqları qeyd etməklə sənədlər müvəkkil təşkilata geri qaytarılır. Və müvəkkil təşkilatı düzəlişi edib yenidən kredit müraciəti edə bilər»-deyə O.Xaliyev bildirib.