Gürcüstanı bütün Qafqazda turizm məkanı kimi məşhurlaşdıran və hər il ölkəyə minlərlə turisti cəlb edən kazinolar ölkə üçün ciddi problemə çevrilib.
“Namaz qılmır, içir, amma kazino mövzusu gələndə deyir, müsəlmanıq, olmaz”
FED.az xəbər verir ki, əslində daha çox xaricilər üçün nəzərdə tutulsa da, kazinolarda yerli əhali də oynayır və hər il əhali burada böyük məbləğlər itirir.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan edib ki, «hər il Gürcüstan əhalisinin 1 milyard 500 milyon lari həcmində pulu onlayn kazinolarda xərclənir. Bu isə fəlakət və cinayətdir».
Hökumət başçısı deyib ki, qumar oyunları əhalinin sosial cəhətdən həssas təbəqələrini daha da yoxsullaşdırır, zəiflədir, onları asanlıqla müdafiəsiz buraxır. Bəziləri isə narkomaniyaya və qumardan başqa anlaşılmaz fəaliyyətlərə cəlb olunurlar.
İrakli Qaribaşvili ölkədə kazinoların ləğvi ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edib və artıq parlamentin əksər deputatlarının dəstəyini qazandığını bildirib.
O deyib: “Mən parlamentə və hər bir deputata qumar oyunlarının tənzimlənməsi ilə əlaqədar təşəbbüsümü dəstəklədikləri üçün təşəkkür edirəm. Biz təşəbbüsü sona qədər aparıb bu qanunu qəbul etdik. Biz qumar oyunları üçün yaş həddini 25-ə qaldırdıq, çünki gənclər qumar və qumar oyunlarının pis tərəflərindən təəssüf ki, xəbərsizdirlər. Bu oyunların ucbatından əhalimiz daha da yoxsullaşıb. Əsasən sosial cəhətdən həssas insanlar yoxsulluqla üz-üzədir. Təsəvvür edin, bizim əhalinin pulu, 1 milyard 500 milyon lari qumar oyunlarına gedir”.
Baş nazir, ümumiyyətlə, ölkədə kazinoların ləğvini təklif edib və deputatların bu təklifi də qəbul edəcəklərinə inamını bildirib.