Elnarə Nəhmədova, Beauttech gözəllik salonları şəbəkəsinin sahibi.
Karyeraya adi saç ustası kimi başladım. Gözəllik sahəsində artıq 20 ildir ki, çalışıram. O zaman Azərbaycanda stilis-vizajist peşəsinin incəliklərini öyrədən xüsusi kurslar və ya qurumlar yox idi. Biz, sadəcə olaraq, ustanın yanında dayanaraq, onun necə işlədiyinə baxırdıq. Bakıda təhsil imkanları məhdud idi, xaricə getmək və orada müxtəlif təlimlərdə iştirak etmək lazım gəlirdi. İndiki gənc ustaların işi asanlaşıb, mənim salonlarımda məsələn, hamı öyrənmək, xarici ölkələrdə treninqlərə qatılmaq imkanına malikdir.
Həmişə özəl biznesin sahibi olmaq istəmişəm. Beləliklə, 2006-cı ildə ilk “Beauttech” salonum açıldı, hazırda gözəllik mərkəzlərindən ibarət şəbəkə fəaliyyət göstərir. Qazandığım uğurlarla və komandamla fəxr edirəm.
İlk başlanğıc isə bir neçə səbəbdən çətin idi, menecer bilikləri çatışmırdı.Səhvlərim üzərində öyrənməli oldum və təcrübədə lazımi bilikləri qazandım. Amma indi, biznes müvafiq mərhələyə çatandan sonra, mənə əvvəlkindən də çox işləmək lazım gəlir.
Özümü çox ciddi rəhbər hesab edirəm. Tələbkaram, işçilərin xarici görkəmində səliqəsizliyə dözə bilmirəm, komandanın öz işində maksimum dəqiq olmasına çalışıram, bütün məsələlərdə peşəkarlıq amilinə daha çox önəm verirəm. Mənim üçün usta – gözəllik yaradıcısıdır. O, öz görünüşündə heç bir qüsura yol verməməlidir. Əminəm ki, bütün işçilərim də bunu yaxşı başa düşür və mənim fikirlərimi dəstəkləyirlər.
Ustaların çoxu xüsusi hazırlıqlardan keçmir. Bugün salon biznesində çoxlu qeyri-peşəkarlar var, bu onların lazımi hazırlıq keçməmələrilə bağlıdır. Stilist işini öyrənmək üçün hətta yarım il belə azdır. Mənə elə gəlir ki, yaxşı usta olmaq üçün heç olmasa, bir il öyrənmək vacibdir. Bu sahədə çalışmaq istəyən şəxs təcrübi bacarıqlar və nəzəri biliklər qazanmaq üçün müvafiq məktəb keçməlidir. Əlbəttə, Azərbaycanda yüksək peşəkarlığı olan ustalar da var, ancaq təəssüf ki, o qədər də çox deyil.
Əksər hallarda salonlarda eyni usta həm saç düzümü, həm dırnaqlarla bağlı, eləcə də kosmetoloji xidmətlər göstərir. Bu peşəkarlıqdan uzaqdır. Avropadakı salonlarda hər bir əməkdaşın öz sahəsi var: stilist saçlarla, makiyajla, dırnaq ustaları manikürlə, kosmetoloq isə ancaq kosmetoloji məsələlərlə məşğul olur.
Gözəllik salonlarının müştəriləri Azərbaycanda daha tələbkardırlar. Avropalılar xarici görünüşdə sadəliyə daha çox önəm verirlər. Saçların sadəcə yığılması və adi yüngülvari makiyaj onları artıq xoşbəxt edir. Amma bizim xanımlar isə xarici görkəmlərinə qarşı həssasdırlar və həmişə ustadan daha yaxşı nəticə gözləyirlər.
Anadangəlmə istedadlar olmur, istedadı özündə əməyinlə inkişaf etdirə bilərsən. Təsəvvür edin, mən özümü heç zaman istedadlı insan hesab etməmişəm, ancaq həmişə öz üzərimdə işləmişəm və “ideallığın sərhədləri yoxdur” şuarı özüm üçün əsas kimi tutmuşam. Hazırda mənim üçün işləmək o qədər də zəruri deyil, yəqin edirəm ki, mən evdə oturub qurduğum işdən əldə etdiyim gəlirlə də kifayətlənə bilərdim. Ancaq təcrübəni əldən vermirəm, çünki insanlarla işləmək və ünsiyyətdə olmaqdan xüsusi zövq alıram.
Səhvlərimdən dərs çıxartmaq, amma sonra heç zaman bu haqda heyfslənməmək – həyatımın əsas qanunudur. Gözəllik peşəsini seçdiyimə görə heç vaxt heyfislənməmişəm, öz işimin vurğunuyam və öz işini bilən, sevən gözəllik ustalarının yeni nəslini yetişdirdiyim üçün xüsusi məmnunluq hissi keçirirəm. Bu həyatda hər bir kəs özündən sonra hansısa iz buraxmalıdr. Mənə elə gəlir ki, “Beauttech” salonlarında öyrətdiyim ustalar sayəsində yaxşı bir iz qoyacağam.
©biznesinfo