Bu gün Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında 2-ci Milli Yaylaq Festivalı başlayıb.
Eləcə də bax: Şəkidə “KOB Fest” sərgi-satış yarmarkası keçirilib - FOTO
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən bildirilib.
“Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, KOBİA və digər tərəfdaş qurumların dəstəyi ilə təşkil olunmuş festivalda mikro sahibkarlıq subyektləri, eləcə də yaradıcı şəxslər öz məhsullarını təqdim edirlər. Bu məqsədlə festival ərazisində "Sənətkarlıq məhəlləsi" yaradılıb. Burada müxtəlif əl işləri, rəsm əsərləri, hədiyyələr, suvenirlər, zərgərlik məmulatları, tekstil məhsulları, oyuncaqlar və s. sərgilənir və satılır. Ümumilikdə 100-dən çox mikro sahibkar və sənətkarlar festivalda məhsullarını təqdim edirlər.
Festival iyulun 31-nə qədər davam edəcək.
Festivalın keçirildiyi Xan yaylağının ərazisində Yaylaq yurdu etno-qəsəbəsi salınıb. Burada "Sənətkarlıq məhəlləsi" ilə yanaşı, “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərir. Festivalda müxtəlif xarici ölkələrdən qonaqlar və turistlər də iştirak edirlər.