FED.az-ın Dövlət Aqrar İnkişaf Mərkəzinə istinadən məlumatına görə, bu mövsümdə bağlarda bol xurma yetişdirilib. Göyçayda kütləvi yığım kampaniyasına hər il oktyabrın birinci ongünlüyündən başlansa da, artıq bir neçə gündür ki, əksər ərazilərdə xurma yığılır və tədarük olunan meyvə birbaşa Rusiya bazarlarına göndərilir. İndiyədək qonşu ölkəyə 50 ton xurma ixrac edilib.
95 FAİZİ RUSİYA VƏ UKRAYNAYA GÖNDƏRİLƏCƏK
Qeyd edək ki, Göyçayda, ümumilikdə, 6031 hektar meyvə bağları var. Bunun 1417 hektarı xurma bağıdır. Son illər bu sahəyə maraq artmaqdadır. Belə ki, son iki ildə rayon ərazisində 200 hektarda yeni xurma bağları salınıb. Xurma bağları əsasən Cəyirli, Potu, Qarabaqqal, Mirzəhüseynli, Ərəbcəbirli, Çayarxı, Qızılağac, Məlikkənd, Kürdmaşı və bir sıra digər kəndləri əhatə edir. Ötən il bağlardan 18863,5 ton məhsul götürən bağbanlar cari ildə istehsalın 19 min tondan çox olacağını proqnozlaşdırırlar. Hər il olduğu kimi, bu il də yığılan məhsulun 95 faizi Rusiya, habelə Ukrayna bazarlarına göndəriləcək.