Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda mövcud vəziyyətlə tanış olub.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Səfər Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Mazımçay" gömrük postunda sərhədkeçmə prosesinin sadələşdirilməsi, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli və asan keçidinin təmin olunması barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib.
Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.
Daha sonra komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsinə, eləcə də gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.