Fevralın 20-də Dövlət Gömrük Komitəsində gömrük orqanlarında həyata keçirilən ən son yeniliklər və islahatlarla bağlı aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə görüş keçirilib.
FED.AZ xəbər verir ki, görüşdə Komitə sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti qurumlarının rəhbərləri və nümayəndələri, Vergilər və İqtisadiyyat nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri iştirak edib.
DGK sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı iqtisadi inkişaf strategiyası, innovativ islahatlar, sahibkarlıq və biznes mühitinin, xarici ticarətin inkişafı istiqamətində atılan addımlar hesabına ölkəmizin dayanıqlı inkişafı təmin edilib. O, dövlət başçısının “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı 21 dekabr 2018-ci il tarixli fərmanından bəhs edib. Bildirilib ki, bu il fevralın 1-dən etibarən tətbiqinə başlanan sistemdən artıq 100-dən çox biznes subyektinə istifadə hüququ verilib və uğurlu nəticələr əldə edilib. Bu yenilik sahibkar-məmur təmasının minimuma endirilməsinə, şəffaflığın tam təmin olunmasına, ölkənin ixrac potensialının artmasına, münbit biznes mühitinin yaradılmasına, könüllü riayət prinsipinin formalaşmasına şərait yaradır.
Sonra Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov çıxış edərək prezidentin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən yaradılan komissiya çərçivəsində Xarici Ticarət üzrə İşçi Qrupu yaradıldığını, aidiyyəti dövlət qurumlarının təmsil olunduğu işçi qrup tərəfindən bu ilin yanvarında tədbirlər planının hazırlanaraq təsdiq edildiyini bildirb. Cavad Qasımov xarici ticarətin həyata keçirilməsində gömrük orqanları ilə yanaşı, bir sıra dövlət qurumlarının da iştirak etdiyini bildirib və diqqətə çatdırıb ki, qurumlar arasında koordinasiyanın düzgün təşkili, informasiya mübadiləsinin artırılması, tətbiq edilən yeniliklər barədə məlumatların paylaşılması ümumi işə fayda baxımından xüsusi əhəmiyyət daşıyır.
Daha sonra Dövlət Gömrük Komitəsinin əməkdaşları “Yaşıl dəhliz” buraxılış sistemi, malların rəsmiləşdirilməsi, gömrük nəzarəti ilə bağlı təqdimatlarla çıxış edib.