Hazırda mövsümi kənd təsərrüfatı məhsullarının ixracının artması ilə əlaqədar Samur gömrük postunda yaranan sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələri ilə yanaşı, dəmiryolu nəqliyyatının imkanlarından istifadə olunması da tövsiyə edilir.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən FED.az-a bildirilib ki, bununla əlaqədar, Azərbaycan Dəmir Yolları yük əməliyyatlarına açıq olan bütün stansiyalarında 24 saat ərzində yüklərin vaqonlarla qəbulunun (soyuducu vaqonlar daxil olmaqla) mümkünlüyünə hazır olduğunu bildirir.
Hazırkı dövr üçün dəmir yolu ilə daşımalar avtonəqliyyat vasitələri ilə daşımalarla müqayisədə çatdırılma müddəti daha az, sərhəd keçid prosedurları 2 dəfə sürətli və təyinat məntəqəsindən asılı olaraq 20-25 faiz aşağı qiymətə başa gəlir.
Məhsulların ixracının sürətləndirməklə ixracatçılara dəstəyin verilməsi üçün Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və operativ məsələlərin həlli məqsədilə qaynar xətt yaradılıb.