Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və “Sahibkar Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncədə gənc sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan qadınlar üçün treninq keçirilib.
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, “Biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında keçirilən treninqdə iştirakçılara biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri və s. barədə ətraflı məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçıları İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, bu xidmətlərin bəzilərinin “E-hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunması barədə məlumatlandırılıblar.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Gəncədə qadın sahibkarlar üçün treninq keçirilib
15:29
7 Fev 2017