Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Ağdama səfəri zamanı iş adamlarına çağırış edərək onları işğaldan azad olunan ərazilərə sərmayə qoymağa çağırıb.
Eləcə də bax: Prezident iş adamlarına - ÇAĞIRIŞ ETDİ
FED.az xəbər verir ki, Gəncə İş Adamları İctimai Birliyi bu çağırışa cavab verib. Birliyin sədri Zəfər Məmmədov FED.az-a bildirib ki, dövlət başçısının çıxışından sonra toplantı keçirən birlik üzvləri Qarabağın yenidən qurulmasında və dirçəlməsində hansı işləri görə biləcəklərini müzakirə edib. «Ötən ilin sonunda təsis edilən qurumun əsas məqsədi Gəncə-Daşkəsən iqtisadi rayonunun sahibkarlarını bir araya gətirmək və bu regionun iqtisadi inkişafına tövhə vermək olsa da, birlik Qarabağda yenidənqurma prossesində iştirak etmək istəyir»-deyə Z.Məmmədov bildirib.
Bunun üçün iş adamları əvvəlcə İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev ilə online plafforma vasitəsilə görüşü planlaşdırılır və qeyd edilən sahələrə necə tövhə verə biləcəyi ilə bağlı məsələlər müzakirə ediləcək.
Bundan sonra isə müvafiq qurumlara müraciət edərək Ağdam və digər işğaldan azad olunan ərazilərə səfər edərək, yatırım imkanları ilə yerində tanış olmaq niyyətini bildirib. «Təklifə müsbət cavab veriləcəyi təqdirdə birlik üzvləri gələn həftə ərzində işğaldan azad edilən ərazilərə səfər etməyi planlaşdırır. Gəncə İş Adamları hər bir Azərbaycan vətəndaşı, eləcə də xaricdəki soydaşlarımızın bu işdə fəal iştirak etməli olduğu qənaətindədir»-deyə birlik rəhbəri bildirib.