Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və təkliflərinin dinlənilməsi və dövlət dəstəyi mexanizmləri barədə sahibkarların məlumatlandırılması üçün oktyabrın 1-də Gədəbəy və Tovuz rayonlarında sahibkarlarla görüş keçirilib.
FED.az xəbər verir ki, görüşdə görüşlərdə sahibkarlar və onlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Bu rayonlarda həmçinin, KOBİA-nın Gədəbəy və Tovuz üzrə Kiçik və Orta Biznesin dostları – KOB dostları rayonun biznes ictimaiyyətinə təqdim olunub. Bununla da Qazax-Tovuz iqtisadi rayonunda KOB dostlarının sayı 3-ə çatıb. Hazırda KOB dostları ölkənin 37 şəhər və rayonunda fəaliyyət göstərir.
Gədəbəy və Tovuz rayonlarında KOB dostu ofisləri Heydər Əliyev Mərkəzlərində yerləşir. KOB dostu ofislərində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. KOB dostu ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərir.
Sahibkarlarla görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, KOB dostları regionlarda sahibkarlığın inkişafına və biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə dəstək verir.
Görüşlərdə sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.