Fransanın məşhur sement istehsalçısı «Lafarge» şirkəti İŞİD-ə rüşvət verdiyinə görə 778 milyon dollar cərimələnib.
FED.az xəbər verir ki, Fransanın "Lafarge SA" şirkəti Suriyadakı sement zavodunun fəaliyyətini saxlamaq üçün İŞİD terror qruplaşmasına və digər silahlı qruplara pul ödədiyini etiraf edib və buna görə 778 milyon dollar cərimələnib.
Lafarge (2015-ci ildən Holcim qrupunun bir hissəsi) Suriyanın şimalındakı zavoda hücum etməmək müqabilində 2013-cü ilin avqustundan 2014-cü ilin oktyabrına qədər terrorçulara təxminən 17 milyon dollar ödəyib, Bu barədə ABŞ Ədliyyə Departamentinin bəyanatında deyilir.
"Lafarge özünü təqsirli bilib və bu dəhşətli cinayətə görə məsuliyyəti qəbul edib" deyə Nyu Yorkun Şərq Bölgəsi üzrə prokuroru Breon Peace bildirib.
Holcim səhmləri çərşənbə axşamı İsveçrədəki ticarətdə 2,8% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 7,9% azalaraq 25,47 milyard İsveçrə frankına (25,55 milyard dollar) düşüb.