Martın 8-dən 11-dək Tokionun “Makuhari Messe” sərgi mərkəzində “FOODEX JAPAN 2022” 47-ci beynəlxalq qida və içki məhsulları sərgisi keçirilib.
FED.az xəbər verir ki, Asiya regionunun ən nəhəng sərgilərindən biri olan tədbirdə Azərbaycanı “ASKAZERBAIJAN” şirkəti təmsil edib.
Qeyd edək ki, Yaponiya Kənd, Meşəçilik və Balıqçılıq Təsərrüfatları Nazirliyinin təşkili etdiyi sərgidə yalnız Yaponiyanın deyil, həmçinin müxtəlif ölkələrdən gəlmiş qida məhsulları istehsalı ilə məşğul olan 1000-dən çox şirkətin nümayəndəsi iştirak edib. Sərgini on minlərlə ziyarətçi həm əyani, həm də onlayn formatda izləyib.
“ASKAZERBAIJAN” şirkəti sərgidə ilk dəfə iştirak etməsinə baxmayaraq, Azərbaycanın tamı ilə seçilən orqanik məhsullarını yerli və əcnəbi iş adamlarına yüksək səviyyədə təqdim etməyə çalışıb. Ziyarətçilərə “Made in Azerbaijan” brendi ilə təqdim edilən məhsullar arasında ölkəmizin “Zirə”, “Bağdan” və “Bizim tarla” kimi şirkətlərinin müxtəlif tərəvəzlərdən hazırlanmış sousları, mürəbbələr və şirələr təklif olunub.
Şirkətin satış üzrə meneceri Tetsuji Tsubota bildirib ki, sərgidə Azərbaycan məhsullarına çox böyük maraq var. Orqanikliyi və xüsusi tamı ilə seçilən bu məhsullar həm ayrı-ayrı şirkətlərin nümayəndələri, həm də sadə ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Artıq bir neçə şirkətlə ilkin razılaşmaların əldə olunduğunu qeyd edən menecer deyib: “Azərbaycanın təbii tərkibi və xüsusi tamı ilə seçilən qida məhsulları və içkiləri ilə ilk dəfə 2017-ci ildə Bakıda təşkil edilən “Yaponiya Qida Məhsulları” sərgisində tanış olmaq imkanı qazandım. Həmin vaxt məqsədimiz Yaponiya məhsullarını Azərbaycana ixrac etmək idi. Lakin yerli orqanik məhsullarla tanış olduqdan sonra fikrimi dəyişərək sizin ölkənin məhsullarını Yaponiyaya ixrac etməyin daha səmərəli olacağı qərarına gəldim. Azərbaycan tərəfi ilə aparılan danışıqlardan və əldə edilən razılaşmalardan sonra Yaponiyaya ixraca başladıq. Gördüyünüz kimi, həm souslara, həm çoxsaylı meyvələrdən hazırlanan mürəbbələrə və şirələrə maraq çox böyükdür. Artıq bir neçə şirkətlə ilkin razılaşmalar əldə edilib. Əsas hədəfimiz Yaponiyanın geniş marketlər və restoranlar şəbəkəsidir. Bu məqsədlə biz Yaponiya şirkətlərinin nümayəndələri ilə həmin məhsulların ölkəyə idxalı imkanları barədə fikir mübadiləsi apararaq ilkin razılaşmalar əldə edə bildik”.
Azərbaycanın öz gözəlliyi və dinamik inkişafı ilə onda böyük rəğbət oyatdığını vurğulayan yapon iş adamı ölkəmiz haqda fikirlərini də bölüşüb: “Azərbaycana ilk səfərimdə bu ölkə məni füsunkar təbiəti, qədim və zəngin mədəniyyəti, sadə və qonaqpərvər insanları ilə özünə valeh etdi. Düşünürəm ki, Azərbaycan məhsullarını Yaponiyaya gətirməklə biz yalnız yüksək keyfiyyətli qida məhsullarını deyil, həm də zəngin mədəniyyətinizi yapon ictimaiyyətinə təqdim etmək imkanı qazanmışıq. Bu əməkdaşlıq iki dost xalqı bir-birinə daha da yaxınlaşdırmaqla yanaşı, münasibətlərimizin inkişafına da yeni təkan verəcək”. (Azərtac)