Sentyabrın 1-dən etibarən Azərbaycanda sahibkarların dövlətdən güzəştli kredit alması ilə bağlı maraqlı yeniliklər qüvvəyə minib. Güzəştli kreditlərin alınması üçün müraciətlər sadələşdirilib, indiyə qədər olan bəzi tələblər aradan qaldırılıb. Güzəştli kreditlərdəki yeniliklərlə bağlı FED.az-ın suallarını Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini, idarə heyətinin sədrinin vəzifələrini icra edən Osman Xalıyev cavablandırır.
Güzəştli kreditlərin alınması asanlaşdı - QAYDALAR DƏYİŞDİ – YENİLİKLƏR
- Osman müəllim, güzəştli kreditlərin alınması üçn müraciətlərdə sadələşmə nədən ibarətdir? İndiyədək şərtlər necə idi və sentyabrın 1-dən nə dəyişdi?
- Əvvəla qeyd edim ki, sadələşdirmə planına başlamazdan əvvəl biz vəziyyəti, indiyədək olan şərtləri və tələbləri ciddi təhlil etdik. Və əsas problemləri aşkar edərək dəyişikliklərə başladıq.
- Dəyişikliklər nədən ibarətdir?
- İlk növbədə güzəştli kreditlər üçün müraciət zamanı tələb olunan sənədlərin sayı azaldıldı. İndiyədək bizim fondun sahibkarları maliyyələşdirmə zamanı tələb etdiyi sənədlər siyahısına nəzər yetirdikdə görürük ki, haradasa 10-12 sənəd tələb olunur.
- Şirkətlərdən 12 sənəd, fiziki şəxslərdən 10 sənəd tələb olunurdu...
- Bəli, elədir. Eyni zamanda, bu sənədlərin böyük əksəriyyəti notarial qaydada təsdiq olunmalıdır. Bu da əlavə zaman və vəsait itkisi idi. İndi isə tələb olunan sənəd siyahısı şirkətlərdə 6-yadək, fiziki şəxslər üçün isə 4-dək azaldıldı.
Bundan başqa, məlum olduğu kimi, fond investisiya layihələrini müvəkkil kredit təşkilatları vasitəsilə maliyyələşdirir. Yəni güzəştli kreditləri birbaşa deyil, banklar və bank olmayan kredit təşkilatları (BOKT) vasitəsilə ayırır. Bu zaman fond banklardan və BOKT-lardan daxil olan müraciətləri dəyərləndirir və onun əsasında kredit ayırır.
- Aha bəli...
- Deməli, banklardan bizə daxil olan sənəd siyahısı 6-ya endi, əlavə olaraq təqdim olunan sənədlərin notarial təsdiqinə də ehtiyac qalmadı. Yəni biz banklara etibarımızı açdıq və arıq bankların məsul şəxsinin təsdiq etdiyi sənəd bizim üçün məqbul sayılır.
- Doğrudan da onsuz da kreditin qaytarılmasına görə banklar da məsuliyyət daşıyırlar...
- Bəli. İstənilən halda həmin vəsait üzrə məsuliyyəti onlar daşıyırlar. O səbəbdən də bank təsdiqi kifayət eləyir.
- Bəs ləğv edilən sənədlər hansı idi? Bir neçəsini misal çəkə bilərmisiniz ki, indiyə kimi lazım imiş, amma indi baxırıq ki, lazım deyilmiş?
- Məsələn, müvəkkil kredit təşkilatının, yəni bankların və BOKT-ların həmin investisiya layihəsi üzrə qərarının təsdiq olunmuş və yaxud da imzalanmış surəti, yəni bank bu qərarı verməsə, eyni zamanda təmsilçinin təyin olunması haqqında sənədlər. Bundan başqa siyahıda bəzi hüquqi sənədlər vardı ki, hansı ki, biz onu açıq baza məlumatlarından, elektron sistemdən əldə edə bilərdik.
- Axır ki, elektronlaşmanın faydasını görürük...
- Bəli. Nəticədə həmin sənədlərin bizə əlavə olaraq təqdim olunması və xüsusən də notarial qaydada təqdim olunmasına heç bir ehtiyac qalmırdı.
- Əsas dəyişiklik isə biznes plan tələbinin 50 min manatdan 200 min manata qaldırılmasıdır, eləmi?
- Bəli, ən əsas məqam biznes plan tələbinin 50 min manatdan 200 min manatadək qaldırılmasıdır.
İndiyədək olan qaydalara görə, fond 50 min manatdan artıq güzəştli kreditlər üçün sahibkarlardan biznes planı tələb edirdi. Yəni fondun minimal tələblərinə uyğun tərtib edilmiş biznes plan təqdim olunmalıydı.
- Necə oldu, nəyin əsasında bu məbləğ 200 min manata qaldırıldı?
- Bunun əsas hərəkətverici qüvvəsi bizim apardığımız təhlillər oldu. Təhlil nəticəsində müəyyən olundu ki, 50, 60, 70 min manat vəsait üçün müraciət edən sahibkarlardan biz biznes plan və maliyyə hesabatları tələb eləyirik. Amma regionda fəaliyyət göstərən kiçik və yaxud da mikro sahibkarlar maliyyə hesabatı haqqında kifayət qədər anlayışlı deyil və yaxud da sadəcə ailə təsərrüfatını genişləndirir. Ona görə də öz hesabatını sadələşmiş bir şəkildə aparır. Bizim tələblərdə qeyd olunan mənfəət və zərər, balans hesabatları və s. kimi belə mürəkkəb hesabat aparmır.
- Doğrudan da kiçik və mikro sahibkarlar işlərini daha sadə hesabatlarlə qururlar…
- Bəli, hesabat aparmırlar. Bir çox hallarda məlum olur ki, hazırlanan hesabatlar da məsləhətçi şirkət və yaxud da digər məsləhətçilər tərəfindən tərtib olunub. Nəicədə bizim tələbimiz sahibkar üçün sadəcə əlavə bir yükdür.
Bundan başqa, biz sorğu ilə sahibkarların kredit tələbatını da dəqiqləşdirdik. Məlum oldu ki, sahibkarların əksəriyyətinin kreditə olan ehtiyacı 130-170 min manat arasındadır. O səbəbdən də düşündük ki, 200 min manata qədər kreditlər üçün bankın apardığı təhlil kifayət edir. Çünki artıq banklarımız da kifayət qədər təkmilləşmiş bir təhlil prosedurlarına malikdirlər, bu sahədə böyük təcrübələri var, o təcrübə əsasında tərtib etdikləri xülasə bizə təqdim olunarsa, bu, bizim üçün əlavə təhlil aparmağımız üçun kifayət eləyir.
- Növbəti dəyişiklik - fonda vəsaitin ayrılması üçün müraciət edilən zaman fond əməkdaşları həmin investisiya layihəsinin yerləşdiyi əraziyə ilkin monitorinqlər keçirir, əraziyə baxırdılar. Bu qayda məbləği 20 min manat üzərində olan müraciətlərə şamil olunurdu və bu zaman ilkin monitorinq aparılırdı və monitorinq aktlarıyla təsdiqlənirdi.
- Sadə desək, 20 min manatdan artıq güzəştli kredit istəyəndə fondun əməkdaşları gedib həmin əraziyə baxırdılar, eləmi?
- Bəli. İndi bu qayda dəyişib, artıq ilkin monitorinqlər 20 min manat deyil, 50 min manatdan yuxarı kredit götürəndə tətbiq olunacaq. Yəni ancaq 50 min manatdan yuxarı kredit istəniləndə gedib yerində sahibkarlarla baxılır.
Yeri gəlmişkən, bu qaydanın dəyişməsi sahibkarlar üçün kredit götürmə müddətini də qısaldacaq. Belə ki, monitorinqdə adətən 1 və 2 gün region səfərləri olurdu, indi bu 1-2 gün zaman itkisi aradan qaldırılacaq.
- Osman müəllim, amma monitorinq həm də sahibkarları daha məsuliyyətli olmağa vadar eləyir. 1-2 gün itki olsa da, fond əmin olur ki, doğrudan da ərazi götürülüb, burada hazırlıq işləri gedir və layihə həyata keçirilir. Yəni monitorinqlə bağlı dəyişikliyin vacibliyi nə ilə bağlı idi?
- Dəyişiklik edilməsi, o demək deyil ki, monitorinq keçirilməyəcək. Sadəcə monitorinqlər növbəti mərhələdə keçirilir, bu regional olaraq və ya müvəkkil kredit təşkilatı üzrə aparıla bilər. Ayrılmış kreditlərin keyfiyyətinin yoxlanılması, təyinatı üzrə istifadə edilməsi məqsədilə biz mütəmadi monitorinqlər aparırıq və bunun aparılması daha da intensivləşəcək. Yəni biz vəsaiti veririk, o demək deyil ki, biz unutduq, biz sadəcə banklara və BOKT-lara etibar edirik. Çünki onlar bu layihəni artıq təhlili ediblər, biz isə sonrakı məqamlarda növbəti monitorinqlər keçirməklə həmin layihə üzrə ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunub-olunmadığını müəyyən edəcəyik. Bu, monitorinqdir, hər hansı audit proseduru və ya yoxlama deyil.
- Yəni sizin əməkdaşlar sadəcə gedib baxacaqlar...
- Bəli, baxacağıq ki, vəsait həqiqətən də qeyd edildiyi kimi avadanlığın alınmasına sərf olunub, ya olunmayıb. Olunubsa, bu, müəyyən sənədlərlə təsdiqini tapacaq və vizual olaraq əraziyə baxış keçiriləcək. Bununla da biz artıq bir növ növbəti mərhələdə, yəni ilkin investisiyanın ayrılmasında, vəsaitin ayrılmasında çevikliyin təmin olunması məqsədilə bu proseduru növbəti mərhələyə təxirə salırıq.
- Həm banka, həm də, müştəriyə nəzarətin artırılması nəzərdə tutulurmu? Çünki bəzən elə hallar olurdu ki, sahibkar güzəştli krediti aldıqdan sonra onu təyinatı üzrə istifadə etmirdi, hətta şəxsi məqsədlər üçün istifadə edirdi...
- Belə halların olmadı istisna edilmir, ümumilikdə. Amma belə hallar qanunvericiliklə aşkarlanarsa, dərhal müvəkkil kredit təşkilatına, bank və yaxud bank olmayan kredit təşkilatına məlumat verilir və həmin vəsaitin qalıq hissəsinin dərhal geri qaytarılması tələbi irəli sürülür.
- İndiyə kimi, məsələn bu il ərzində belə olubmu?
- Bu il ərzində xırda məbləğlər üzrə bir neçə hal aşkarlanıb, amma bunu, vəsaitin təyinatı üzrə istifadə edilməməsi saymaq çətindir. Məsələn, belə bir hal olub – sahibkara avadanlığın alışıyla bağlı vəsait ayrılıb, sahibkar da vəsaiti təyinatı üzrə köçürüb. Yəni sahibkar heç bir yanlışlığa yol verməyib, sadəcə pandemiya şəraiti ilə əlaqədar olaraq istehsalatda hansısa bir gecikmə olub. Və yaxud, digər hal - qurulacaq avadanlığın pandemiya dövründə aktuallığının nisbətən itirilməsi səbəbindən sahibkar bu məsələni bir neçə ay geriyə çəkməklə ləngitməyə məcbur olub və bu haqda məlumat verilib və biz sözsüz ki, hədəfimiz dəstək durmaqdır, bunu anlayışla qarşılayırıq, məlumat təqdim olunur və belə hallar baş verə bilər, bu, normal haldır. Amma bizim monitorinqlər də mütəmadi olaraq davam edəcək, necə deyərlər, inanırıq, amma eyni zamanda yoxlayırıq.
- Növbəti yenilik sənədlərin qəbulu və müraciətə baxılması prosesi ilə bağlı idi...
- Digər yenilik odur ki, indiyədək fonda güzəştli kreditlə bağlı müraciət zamanı fond müraciətə 10 iş günü ərzində baxırdı. Bu zaman müddətdən asılı olaraq, bəzi məqamlarda daha çox sənəd daxil olur və bu zaman hər hansı bir xırda çatışmazlıq olan müraciətə bəzən 5, 6 və yaxud da 10 iş gününədək baxılıb cavablandırılırdı, müsbət və ya mənfi rəylər verilirdi.
- Burada nə problem vardı?
- Bəzən sənədlərin təhlili zamanı, onlarda çatışmazlıqlar tapılırdı və sənədlər bu çatışmazlığın aradan qaldırılması üçün banklara geri qaytarılırdı. Bu da vaxt itkisinə səbəb olurdu. Deyək ki, sənəd 3 gün, 5 gün ərzində təhlil edilir, təhlilin son günü hər hansı problemi tapılırdı. Nəticədə bank və sahibkar vaxt itirirdi.
- Bəs indi necə olacaq?
- İndi fonda təqdim edilən sənədlər əvvəlcədən diqqətlə araşdırılacaq və yoxlanacaq ki, müraciət zamanı texniki qüsurlar aşkarlandıqda müraciət baxılmadan, dərhal aradan qadırılsın, bank düzəlişi edib yenidən bizə müraciət eləsin.
- Osman müəllim, bu ilin 3-də 2-si geridə qalıb. Sahibkarlığın İnkişafı Fondu ilin əvvəlindən sahibkarlara nə qədər maliyyə dəstəyi verib?
- Fond sahibkarlara bütün alətlər üzrə, 3 istiqamət üzrə maliyyə dəstəyi göstərib. Avqustun 31-ə olan məlumatları sizin diqqətinizə çatdırmaq istəyirəm. Güzəştli kredit üzrə fond 945 investisiya layihəsinə (investisiya layihəsi həm mövcud biznesin genişləndirilməsi ola bilər, yeni biznesin yaradılması ola bilər) 47,4 milyon manat güzəştli kredit vəsaiti ayırıb. Sahibkarların bizə təqdim etdiyi məlumatlara əsasən bu ayrılmış vəsaitlər sayəsində 1428 yeni iş yeri yaradılacaq.
- SİF həm də sahibkarlara zəmanət və subsidiya mexanizmi ilə dəstək verir. Bu sahədə göstəricilər necədir?
- Eyni zamanda, fond zəmanət və subsidiya mexanizmi üzrə hal-hazırda pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlara dəstək göstərir, burada kommersiya banklarının kreditlərinə, bildiyiniz kimi zəmanət təqdim olunur.
- Bəli kreditin 60 faizi həcmində.
- Bəli. Deməli, kredit tələbi 362,6 milyon manat olan bank kreditlərinə 211,4 milyon (60 faizi qədər) manat zəmanət verilmişdir və müraciətlərin sayı 1648-dir. Eyni zamanda, pandemiyadan əvvəlki kreditlər üzrə sahibkarların kommersiya bankları qarşısında olan kredit öhdəliklərinin faizlərinin subsidiyalaşdırılması proqramı üzrə 5 836 müraciət daxil olub, bu müraciətlərdən 4 770-si müsbət dəyərləndirilmiş və bu müsbət dəyərləndirilmiş müraciətlər üzrə ümumi təqdim edilmiş subsidiya mexanizmi, subsidiya məbləği 60,5 milyon manatdır.