Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanın bəzi rayon və şəhərlərində fəaliyyətlərinə qadağa qoyulan restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət bərpa edilib.
FED.az paytaxtda fəaliyyət göstərən iaşə müəssisələrindəki karantinindən sonrakı ilk vəziyyətlə maraqlanıb.
“Özsüt” restoran və kafe şəbəkəsinin şöbə meneceri Elmar İsayev FED.az-a saat 9-dan tam servisə hazır olduqlarını bildirib: “Səhər saatlarında müştəri sıxlığı olmayıb, amma günorta saatlarında bir qədər intensivlik müşahidə olunub. Ümumi olaraq gələn qonaqlara tələb olunan gigiyenik qaydalar haqqında məlumat veririk, onlara dezinfeksiyaedici məhlullar, nəm salfetlər təqdim edirik. Qonaqlar restoran tərəfindən qoyulan tələblərə riayət edir, hər hansı mənfi hal yaşanmayıb”.
Şöbə menecerinin sözlərinə görə, restoranda stollar arasında məsafə saxlanılır: “Stollar arasındakı məsafə artırılsa da, menyuda qiymət dəyişikliyi yoxdur. Hələ ki, sıxlığa görə müştərilərdən imtina etməmişik. İnsanlarda müəyyən bir çəkingənlik var, bəziləri restoranlara gəlməyə hələ də tərəddüd edir. Amma buna baxmayaraq müəyyən vaxt aralığında gələn müştərilər var. Gələn qonaqlara yüksək səviyyədə xidmət göstəririk”.
Elmar İsayev deyir ki, restoranda salonun havası tez-tez dəyişdirilir: “Əməkdaşlar tərəfindən antisanitar qaydalara əməl olunur. Əməkdaşlarımız qonaqlara əlcəkdə və maskalarda xidmət göstərir”.
"da Massimo" restoranından FED.az-a bildirilib ki, məhdudiyyət götürülsə də, müştəri yoxdur: “Bu gün qadağanın götürüldüyü ilk gündür. Nəzərə alsaq ki, iaşə müəssisələrinin iş vaxtı saat 6-ya qədərdir, bizim burdakı karımız uzaqbaşı nahar yeməyi olacaq. Bu gün üçün də restorana müştəri gəlməyib. Əgər saat 6-dan sonra fəaliyyət göstərməyə icazə verilərsə, bundan sonra müsbət nəticələr haqqında danışmaq olar. Restoranda səhər yeməyi verilmir, bu da öz təsirini göstərir. Biz fəaliyyətə günortadan başlayırıq”.
Restoranda bütün qaydalara riayət olunduğuna da diqqət çəkilib: “Stollar arasındakı məsafə artırılıb. Əvvəl restoranda 50 nəfər otura bilirdisə, artıq 30 nəfərin oturmasına imkan var. Hələ ki, menyuda qiymət dəyişməyib”.
Restorandan verilən məlumatda o da qeyd olunub ki, ilk günlərdə vəziyyət müşahidə edilir: “Yəqin ki, müştərilərin azaldığı nəzərə alınacaq. Müdiriyyət balansı qorumaq üçün hansısa planları nəzərdə tutulduğunu açıqlayar. Bunun əsasında da növbəti günlər üçün hər hansı bir planları ortaya çıxaracağıq”.
“Park Cafe”nin administratoru Fuad Quliyev FED.az-a bildirib ki, qadağa götürülsə də hazırda kafe boşdur: “Kafedə bütün dezinfeksiya tədbirləri görülüb. Masalar yerindədir, əgər müştəri olarsa, bir masanı rezerv olunmuş kimi boş saxlamağı düşünürük. İndi elə kütləvi axın da yoxdur ki, buna ehtiyac olsun”.
Fuad Quliyev deyir ki, masalar arasında məsafə tələbi kefin müştəri tutumuna 50% təsir edəcək: “Kafe 40 nəfərlikdir, masalar arası məsafə saxlananda 20 nəfərlik yer boş qalır. Bu qiymətə nə artım kimi, nə də azalma kimi təsir etməyəcək. Çünki bizdə qiymətlər sistemdədir. Bunun üçün sistemi yenidən söküb yığmaq lazımdır ki, bu da indiki zamanda artıq xərcdir”.
“Cafecity” restoranlar şəbəkəsindən FED.az bildirilib ki, qadağa qaldırılsa da, bu gündən fəaliyyət göstərmirlər: “Hələ ki, restoranlar şəbəkəsində təmizlik və dezinfeksiya işləri gedir. Çox güman ki, restoran mayın 19 və ya 20-dən fəaliyyətə başlayacaq”.