Dövlət Statistika Komitəsinin ötən ilki statistikasına əsasən, Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faiz təşkil edir. Yəni ölkədə əmək müqaviləsi ilə işləyən hər 100 nəfərdən 48-i qadındır.
Dövlət qulluğunda qadınların payı daha aşağıdır - 29 faiz, sahibkarlara gəlincə, qadınların payı 21,3 faizdir. Bu rəqəmlər qadınların ölkənin iqtisadi və sosial həyatında hansı dərəcədə iştirak etməsindən xəbər verir.
FED.az biznes və maliyyə xəbərləri portalı 21,3 faiz qadın sahibkarın ölkənin sosial-iqtisadi həyatındakı rolu barədə sorğu keçirib:
Azərbaycanda sahibkar qadınlar nə ilə seçilirlər?
Bu sualı elə xüsusilə sahibkar qadınlar cavablandırıb. FED.az müxtəlif sahələrdə fəaliyyət göstərən xanımların cavablarını təqdim edir:
“Bakı Tekstil Fabriki”nin direktor köməkçisi Aysel Paşayeva: "Bizim xanımlar yaradıcı və energetikdirlər. Xüsusilə də yeniliyə meyillidirlər və əl qabiliyyətləri gözəldir. Eyni zamanda sahibkar xanımlar işlərilə yanaşı məişəti də gözəl yönləndirməyi bacarırlar. Ancaq xaricdə belə deyil, işgüzar xanımlar ev həyatlarına düzgün vaxt ayıra bilmirlər".
“Təəssüf ki, istehsalatda qadın sahibkarlar azdır"
"Kapitalbank"ın Partnyorlarla İş Əlaqələri üzrə məsul şəxs Aytən Əhmədli: "Bizim sferada qadınların sahibkar olması çox çətindir. Ona görə də sahibkar xanımları əzmkardırlar. Qadın sahibkarlar üçün dövlət, banklar, müxtəlif təşkilatlar dəstək olsa da, yenə qadınlar üçün çətinlik yaranır. Lakin bu dəstək davamlı olanda qadınlar da özlərinə daha inamlı olurlar».
«Əvvəllər sahibkarların sayı barmaq sayını keçmirsi. Şirkətlərdə qadınlar daha çox mühasib, HR (İnsan Resurları), marketinq sahələrində çalışırdılar. Hazırda isə bir vaxtlar «kişi işi» sayılan sahələrdə - istehsalatda - işləyirlər. Təəssüf ki, hələlik istehsalatda qadın sahibkarlar azdır».
“Moon” ətriyyat brendinin təsisçisi Zəhra Musayeva: "Azərbaycan xanımları daha çox ailəyə - övladlarına, valideyninə - evə bağlıdırlar. Bütün bunların paralelində də iş həyatını idarə etmək daha çətindir və böyük güc tələb edir. Bu mənada azərbaycanlı sahibkar xanımlar daha məsuliyyətlidirlər. Bizim xanımların emosional olması da işə faydalıdır, emosionlalıq işi daha uğurlu alındırır və işlərinə daha yaradıcı yanaşırlar».
«Qadın sahibkarlar işlərinə uşaqları kimi yanaşırlar; qayğı və doğmalıqla»
«166 Yükdaşıma Xidməti»nin direktor müavini Qanıyeva Samidə: «Azərbaycan qadın sahibkarlar daha iddialıdırlar. Bir işə başlayanda onu tam icra etməyənə kimi dayanmırlar, çalışırlar. Öz işlərinə uşaqları kimi yanaşırlar; qayğıkeş və doğma. Əgər qadın həm işi, həm də ailəni düz nizamlaya bilsə, hər ikisinin öhdəsindən layiqincə gələr. Elə özümdən götürək, evdə anayam, işdə isə biznes xanımıyam. Bunları bir-biri ilə qarışdırmamaq çox çətindir, amma bunu bacaranlar kifayət qədər var. Elə ən böyük fərq və uğur da bunda olur».
«Bir bəyin uğuruna bir dəfə seviniriksə, bir xanımın uğuruna min dəfə sevinməliyik»
«Zarif Emin İnterior Designer»in təsisçisi Zərif Eminbəyli: «Öncə bütün xanımları və xanım sahibkarları bu gözəl bayram münasibətilə təbrik edirəm. Hazırda sahibkar xanımlar əvvəlki illərlə müqayisədə daha fəaldırlar, innovativ ideyalara daha açıqdırlar. Bu hal sahibkar olaraq məni də sevindirir. Fikrim feministik çıxmasın, amma bugünkü sahibkarların dinamik fəaliyyəti məni qürurlandırır. Bir bəyin uğuruna bir dəfə seviniriksə, bir xanımın uğuruna min dəfə sevinməliyik».